Zəngilan rayonunun işğaldan azad edilməsindən sonra həyata keçirilən dövlət siyasəti bu bölgəni bərpa və yenidənqurma istiqamətində əsas prioritetlərdən birinə çevirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan “Böyük Qayıdış” proqramı azad edilmiş torpaqlarda yeni həyatın təməlini qoydu. Zəngilan bu baxımdan planlı inkişafın, strateji baxışın və məqsədyönlü fəaliyyətin nümunəsidir. Ərazi uzun illər dağıntıya məruz qalsa da, bu gün burada müasir yaşayış, iqtisadi fəaliyyət və sosial rifah üçün bütün əsaslar yaradılır.
İlk mərhələdə dövlət diqqəti infrastrukturun bərpasına yönəltdi. Yollar, körpülər, enerji və kommunikasiya xətləri çəkildi. Bu işlər yalnız fiziki yenidənqurma məqsədi daşımırdı, həm də regionun gələcək inkişaf potensialını formalaşdırmaq üçün əsas baza idi. Zəngilan ərazisində həyata keçirilən mühəndis işləri, enerji təminatı və rabitə infrastrukturu bölgənin iqtisadi inteqrasiyasına imkan yaradır.
İkinci mərhələ sosial sahənin inkişafını əhatə etdi. Yeni məktəblərin, səhiyyə müəssisələrinin, dövlət xidmət mərkəzlərinin və yaşayış binalarının tikintisi əhalinin daimi məskunlaşmasına şərait yaradır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bərpa işləri yalnız tikinti prosesi deyil, həm də vətəndaşların rifahını təmin edən sosial siyasətin tərkib hissəsidir. Bu məqsədlə hər bir layihə insan amilinə əsaslanır və həyatın bütün sahələrini əhatə edir.
Zəngilanın iqtisadi həyatında “Ağıllı kənd” və “Dost Aqropark” kimi layihələr aparıcı rol oynayır. Ağalı kəndində qurulan müasir sistemlər və alternativ enerji həlləri bu bölgəni texnoloji inkişafın mərkəzinə çevirib. “Dost Aqropark” isə kənd təsərrüfatı və emal sənayesinin inkişafını təmin etməklə yanaşı, minlərlə iş yerinin yaranmasına səbəb olub. Bu, Prezident İlham Əliyevin iqtisadi siyasətində dayanıqlı kənd təsərrüfatına və regionların balanslı inkişafına verilən önəmin göstəricisidir.
Hazırda Zəngilan Azərbaycanın müasir regional inkişaf siyasətinin real nümunəsidir. Burada dövlətin strateji qərarları, xalqın əzmi və idarəetmə mədəniyyəti bir məqsədə – güclü, sabit və dayanıqlı gələcəyə yönəlib. Görülən işlər göstərir ki, Zəngilan yaxın illərdə həm sosial, həm iqtisadi, həm də logistika baxımından ölkənin əsas inkişaf mərkəzlərindən birinə çevriləcək.
Səmayə Əliyeva
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın