Zəngilanın azad olunması Azərbaycan tarixində həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan dönüş nöqtəsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı qəhrəman ordumuzun parlaq qələbələri içində 20 oktyabr tarixi xüsusi önəm daşıyır. Həmin gün Prezident, Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin və rayonun bir neçə yaşayış məntəqəsinin işğaldan azad edildiyini xalqa bəyan etdi. Bu xəbər təkcə bir rayonun deyil, bütöv bir xalqın illərlə həsrətində olduğu torpağa qovuşmasının simvoluna çevrildi. Azərbaycan Ordusu Zəngilanda düşməni ağır məğlubiyyətə uğradaraq, Ermənistanla sərhədə çıxmaqla tarixi ədaləti bərpa etdi.
Zəngilanın işğaldan azad olunması həm də Azərbaycanın strateji gücünün göstəricisi idi. Mürəkkəb relyefi, çətin təbii şəraiti və düşmənin uzun illər ərzində qurduğu müdafiə xətləri bu ərazidə əməliyyatların aparılmasını daha da çətinləşdirmişdi. Buna baxmayaraq, Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq göstərərək, bir neçə istiqamətdən eyni vaxtda irəlilədi, düşməni sarsıdıcı zərbələrlə geri çəkilməyə məcbur etdi. Zəngilanın azadlığı ilə Azərbaycan Ordusu Qələbə salnaməsinin ən parlaq səhifələrindən birini yazdı. Bu, həm də Azərbaycanın hərbi doktrinasının, texnoloji üstünlüyünün və xalq-ordu birliyinin real təcəssümü idi.
Müharibə bitər-bitməz Zəngilanda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Azadlıq uğrunda qazanılan zəfər indi dirçəliş mərhələsinə çevrilib. 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Bu hava limanı təkcə Zəngilanın deyil, bütün Qarabağ və Şərqi Zəngəzurun inkişafına xidmət edən strateji layihədir. Eyni zamanda, Zəngəzur dəhlizinin keçdiyi mühüm nöqtə kimi Zəngilan bu gün regionun iqtisadi və logistik mərkəzinə çevrilir.
Zəngilan bu gün Azərbaycanın “yaşıl enerji zonası” konsepsiyasının avanqard nümunəsidir. Burada Günəş və külək enerjisinə əsaslanan sistemlər, ekoloji təmiz infrastruktur, “ağıllı kənd” layihələri həyata keçirilir. 2022-ci ildə Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi başa çatdı və sakinlərin geri dönüşü başladı. Bu hadisə “Böyük Qayıdış”ın real başlanğıcı kimi tarixə düşdü. Zəngilanın hər bir tikilisi, hər bir ağacı xalqımızın iradəsinin, dövlətin yenidənqurma gücünün bariz nümunəsidir.
Bu gün Zəngilan həm tarixi ədalətin bərpası, həm də gələcəyin modern Azərbaycanının rəmzidir. Burada dalğalanan üçrəngli bayraq, ucalan məktəblər, açılan müəssisələr – hamısı bir xalqın yenidən doğuluşunun təntənəsidir. Prezident İlham Əliyevin dediyi kimi, “Biz azad etdiyimiz torpaqlarda həyat qururuq və burada əbədi yaşayacağıq.” Zəngilan artıq təkcə bir coğrafiya deyil – bu, bir ideya, bir iradə və gələcəyə inamın simvoludur.
Anar Cəbizadə
YAP Şuşa rayon təşəkilatının 37
saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın