Zəngilanın azad olunması Azərbaycanın müasir tarixində dönüş nöqtələrindən biri oldu. 20 oktyabr 2020-ci ildə Prezident İlham Əliyevin səsləndirdiyi “Zəngilan azad olundu!” xəbəri bütün ölkə boyu bir millətin sevinc sədası kimi yayıldı. Bu xəbər 27 illik həsrətin, qürbət ağrısının və doğma torpaq həsrətində yaşayan minlərlə zəngilanlının göz yaşlarını sevincə çevirdi. Həmin gün Azərbaycan xalqı bir daha anladı ki, milli birliyə, güclü rəhbərliyə və əzmkarlığa söykənən heç bir qüvvə müqavimət göstərə bilməz.
Zəngilanın azadlığı ilə Azərbaycan təkcə bir rayonunu deyil, həm də öz strateji sərhədlərinin təhlükəsizliyini təmin etdi. Cənub bölgəsində yerləşən bu torpaq həm iqtisadi, həm də hərbi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Onun azad olunması ilə Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsi tam bərpa olundu. Bu, təkcə coğrafi sərhədin deyil, həm də ədalətin bərpası idi. Zəngilanın qurtuluşu Qarabağın bütövləşməsi prosesinə yeni nəfəs verdi, Naxçıvana gedən Zəngəzur dəhlizinin açılması üçün real zəmin yaratdı.
Azadlıqdan sonra Zəngilan yenidən doğuldu. Dağıdılmış kəndlərin yerində müasir infrastruktur yaradıldı, “Ağıllı kənd” konsepsiyası əsasında Ağalı kəndi salındı. Burada enerjiyə qənaət edən binalar, sürətli internet, ağıllı nəzarət kameraları və ekoloji təmiz sistemlər quraşdırıldı. Bütün bunlar Azərbaycanın texnoloji tərəqqisinin simvoluna çevrildi. Zəngilan artıq yalnız azad edilmiş bir diyar deyil, həm də innovasiyaların beşiyidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqda aparılan bərpa və quruculuq işləri Azərbaycanın gələcəyə olan baxışının bariz göstəricisidir. Zəngilan Beynəlxalq Hava Limanının açılışı, dəmir və avtomobil yollarının çəkilməsi, sosial obyektlərin tikintisi burada həyatın normal axarına qayıtmasını təmin edir. Bu layihələr həm bölgənin iqtisadi potensialını artırır, həm də Böyük Qayıdış prosesinə real təkan verir.
Bu gün Zəngilanın səmasında azadlıq bayrağı dalğalanır. Əsirlikdə keçən illərdən sonra bu torpaq yenidən canlanıb. Hər evdə, hər küçədə, hər səsdə bir qürur, bir minnətdarlıq duyulur. Zəngilanın azadlığı xalqımızın birliyinin, əzminin və vətən sevgisinin simvoluna çevrilib.
Elxan Ələkbərov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın