Füzuli şəhərinin azad olunması Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi ən mühüm strateji uğurlardan biri idi. 2020-ci il oktyabrın 17-də Ali Baş Komandan İlham Əliyev xalqımıza bu sevincli xəbəri çatdırarkən hər bir azərbaycanlının ürəyində qürur və fəxarət hissi baş qaldırdı. Füzuli əməliyyatı həm də cənub-şərq cəbhəsində düşmənin ən güclü müdafiə xətlərinin yarılması ilə nəticələndi. Bu qələbə Şuşa istiqamətində yeni imkanların açılmasına şərait yaratdı.
İşğal illərində Füzuli şəhəri və kəndləri tamamilə viran edilmiş, tarixi abidələr, məscidlər, türbələr dağıdılmışdı. Amma bu torpaqlarda həyat dayanmamışdı, çünki xalqın qəlbində doğma yurda dönüş ümidləri yaşayırdı. Azadlıqdan sonra dövlət səviyyəsində bərpa planları həyata keçirildi. İnfrastrukturun yenilənməsi, yolların, körpülərin çəkilməsi, yeni şəhərsalma planının hazırlanması Füzulinin qısa zamanda abad şəhərə çevrilməsinə imkan verdi.
Füzuli Beynəlxalq Hava Limanının inşası bu ərazilərin inkişafında mühüm mərhələ oldu. Cəmi doqquz aya tikilən bu hava limanı həm Qarabağın hava qapısı, həm də Azərbaycan mühəndis düşüncəsinin simvoludur. Hava limanı regionun turizm və iqtisadi potensialını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərə qayıdışı da sürətləndirib.
Bu gün Füzuli şəhəri bərpa olunmuş yollar, müasir memarlıq üslubunda salınmış yaşayış massivləri, sosial infrastruktur obyektləri ilə fərqlənir. Burada artıq 824 ailə məskunlaşıb və bu rəqəm getdikcə artır. 2026-cı ilə qədər Füzulidə 22 min sakinin yaşaması planlaşdırılır.
Füzulinin azadlığı və yenidən dirçəlişi müstəqil Azərbaycanın gücünün, xalqın birliyinin və dövlətin müdrik siyasətinin təcəssümüdür. Bu şəhər artıq təkcə bir coğrafi məkan deyil – o, Azərbaycan xalqının zəfər, inam və qürur tarixidir.
YAP Şuşa Rayon Təşkilatının 2 nömrəli ərazi partiya təşkilatının fəal üzvü: Elxan Ələkbərov


Bir şərh yazın