Füzuli rayonu tarixi, coğrafi və strateji əhəmiyyətinə görə Qarabağın ən dəyərli bölgələrindən biridir. Bu ərazi əsrlər boyu ticarət yollarının kəsişdiyi, mədəniyyətin və elmin inkişaf etdiyi bir məkan olmuşdur. Babı kəndindəki Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəllidəki Mirəli türbəsi və XIX əsrə aid memarlıq nümunələri bu torpağın qədimliyini təsdiqləyir.
Lakin 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Füzuli şəhəri və kəndləri işğal edildi. 27 il boyunca bu torpaqlar viran qaldı, tarixi abidələr dağıdıldı, kənd təsərrüfatı və sosial həyat tamamilə dayandı. Xalqımızın yeganə arzusu bu torpaqlara qayıdış idi.
Bu arzu 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəyə çevrildi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Füzuli şəhərini 17 oktyabrda azad etdi. Dövlət başçısının siyasi iradəsi, hərbi planlaması və xalqla ordu arasındakı birliyin nəticəsində bu tarixi Zəfər əldə olundu.
Füzuli azad edildikdən sonra Prezident İlham Əliyev bölgəyə xüsusi diqqət ayırdı. Şəhərdə ilk olaraq Zəfər yolunun təməli qoyuldu, ardınca Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 ayda inşa edildi. 2021-ci ildə hava limanının açılışında Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə iştirak etdilər. Bu, həm qardaşlığın, həm də yeni inkişaf dövrünün başlanğıcı idi.
Bu gün Füzuli təkcə bir şəhər deyil, həm də Prezident İlham Əliyevin quruculuq və bərpa strategiyasının canlı nümunəsidir. Onun rəhbərliyi ilə bu diyar “yaşıl enerji”, “ağıllı şəhər” və “dayanıqlı gələcək” konsepsiyalarına əsasən yenidən qurulur.
Zərifə İbrahimova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın