Füzuli rayonu Azərbaycan Respublikasının cənub-şərqində yerləşir və strateji mövqeyinə görə Qarabağın “cənub qapısı” adlandırılır. 1930-cu ildə inzibati rayon statusu almış Füzuli həm təbii sərvətləri, həm də məhsuldar torpaqları ilə seçilirdi. 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində şəhər və kəndlər tamamilə dağıdıldı. Tarixi abidələr, məktəblər, xəstəxanalar məhv edildi, minlərlə insan doğma yurdundan didərgin düşdü.
2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu düşmənin illərlə qurduğu istehkamları qısa müddətdə yararaq Füzuli istiqamətində böyük qələbə qazandı. 17 oktyabr 2020-ci ildə şəhərin azad olunması hərbi tariximizin ən möhtəşəm əməliyyatlarından biri kimi qeyd olunur. Bu hadisə həm də Şuşa istiqamətində ordumuzun irəliləməsini təmin edən mühüm strateji mərhələ idi.
Füzulinin azad olunması həm mənəvi, həm də hərbi baxımdan dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı təsis edildi və döyüşlərdə iştirak etmiş minlərlə əsgər bu mükafata layiq görüldü. Bu, xalqın qəhrəman oğullarına göstərdiyi ehtiramın təzahürüdür.
Azadlıqdan sonra Füzuli rayonunda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. 26 oktyabr 2021-ci ildə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı azad edilmiş ərazilərdə həyata keçirilən ilk nəhəng layihə oldu. “Qarabağın hava qapısı” adlanan bu obyekt bölgənin sosial-iqtisadi inteqrasiyasına böyük töhfə verdi.
Bu gün Füzuli “ağıllı şəhər” konsepsiyası ilə yenidən qurulur. Yeni yollar, məktəblər, səhiyyə müəssisələri, enerji sistemləri və yaşayış binaları inşa edilir. Qısa zamanda şəhər bərpa olunaraq müasir həyat mərkəzinə çevrilib. Füzuli artıq işğalın deyil, quruculuğun və Zəfərin rəmzidir.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın