17 oktyabr 2020-ci il – Azərbaycan tarixində əbədi qalacaq bir gündür. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini və onun kəndlərini işğaldan azad etdi. Bu əməliyyat 44 günlük müharibənin gedişatında dönüş nöqtəsi oldu. Füzulinin azadlığı həm strateji, həm də mənəvi cəhətdən böyük əhəmiyyət daşıyırdı – o, Şuşaya gedən Zəfər yolunun başlanğıcını qoydu.
İllərlə işğal altında qalan Füzuli dağıntılara çevrilmişdi. Lakin müstəqil Azərbaycan dövləti bu torpaqları yenidən dirçəltməklə öz gücünü bütün dünyaya göstərdi. Qısa müddət ərzində şəhərdə genişmiqyaslı yenidənqurma işlərinə start verildi. Müasir texnologiyalar əsasında layihələndirilən Füzuli indi tam yeni görkəmə malikdir.
2021-ci ildə açılan Füzuli Beynəlxalq Hava Limanı regionun inkişafına güclü təkan verdi. Bu hava limanı minalanmış ərazidə tikilən ilk beynəlxalq aeroport kimi dünya tarixində özünəməxsus yer tutur. Hava limanının fəaliyyəti Qarabağın bütün bölgələri ilə əlaqəni təmin edir, iqtisadi və turizm imkanlarını genişləndirir.
Bu gün Füzuli təkcə yenidən qurulan şəhər deyil, həm də dövlətimizin iradəsinin, xalqımızın birliyinin təntənəsidir. Burada həyat yenidən qaynayır, uşaqlar məktəblərə gedir, insanlar işə başlayır. Bütün bunlar azadlığın bəxş etdiyi ən böyük dəyərlərdir.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini


Bir şərh yazın