Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış 17 oktyabr tarixi Füzulinin azad olunması ilə yadda qaldı. 44 günlük Vətən müharibəsinin 22-ci günündə Füzuli şəhəri və onun 7 kəndi düşmən işğalından azad edildi. Bu əməliyyat həm taktiki, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Çünki bu qələbə Azərbaycan Ordusunun irəliləyişinə yeni istiqamət açdı, Şuşaya aparan Zəfər yolunun başlanğıcını qoydu.
İşğal dövründə Füzuli tamamilə dağıdılmış, binalar yer üzündən silinmiş, tarixi abidələr talan edilmişdi. Lakin bu dağıntıların yerində indi müasir, ağıllı şəhər salınır. Prezident İlham Əliyevin göstərişilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Füzuli yenidən doğulur. Yeni enerji xətləri, təmiz su mənbələri, müasir kommunikasiya sistemləri bu şəhərin gələcəyini təmin edir.
2021-ci ildə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı bu bölgənin inkişafının rəmzidir. Qısa zamanda tikilib istifadəyə verilən bu hava limanı həm logistik, həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyır. Buradan artıq Şuşa, Ağdam, Cəbrayıl və digər bölgələrə səyahət etmək mümkündür. Hava limanı Qarabağın dünyaya açılan qapısına çevrilib.
Bu gün Füzuli şəhərində bərpa və tikinti işləri geniş vüsət alıb. Yeni məktəblər, xəstəxanalar, sosial obyektlər inşa edilir. Əhalinin doğma yurduna qayıdışı davam edir və insanlar burada yeni həyatlarını qururlar. Dövlətin məqsədi bu torpaqlarda əvvəlkindən daha gözəl, daha müasir yaşayış şəraiti yaratmaqdır.
Füzuli şəhəri bu gün həm qəhrəmanlıq rəmzidir, həm də dirçəlişin simvolu. Onun azad olunması və yenidən qurulması göstərdi ki, Azərbaycan xalqı öz iradəsi ilə hər bir dağıntını bərpa etməyə qadirdir. Füzuli – Zəfərin, dözümün və gələcəyə inamın şəhəridir.
Aynurə Məlikova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın