Füzuli rayonu Azərbaycan tarixinin parlaq səhifələrindən birinə çevrilmişdir. Bu diyar əsrlər boyu Qarabağın sosial, iqtisadi və mədəni həyatında mühüm rol oynamış, öz strateji mövqeyi və təbii sərvətləri ilə seçilmişdir. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan Füzuli qədim yaşayış məskənlərindən biridir. Tarix boyu bu ərazi ticarət yollarının kəsişməsində yerləşmiş, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkana çevrilmişdir.

Lakin XX əsrin sonlarında bu qədim torpaq ağır sınaqlarla üzləşdi. 1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Nəticədə şəhər yerlə-yeksan edildi, minlərlə insan doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Füzuli əhalisi onilliklər boyu məcburi köçkün həyatı yaşadı, lakin azadlıq arzusu onların qəlbində sönmədi.

2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi bu xalqın 30 illik həsrətinə son qoydu. Oktyabrın 17-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini və onun kəndlərini işğaldan azad etdi. Bu hadisə təkcə hərbi qələbə deyildi – bu, ədalətin, vətən sevgisinin və milli birliyin təntənəsi idi.

Azadlıqdan sonra dövlət səviyyəsində bərpa və yenidənqurma işləri dərhal başlandı. Füzuli Beynəlxalq Hava Limanının tikintisi, yeni avtomobil yollarının çəkilişi, sosial obyektlərin inşası bölgəyə həyat gətirdi. “Füzuli şəhərinin 2040-cı ilədək Baş planı” bu şəhəri “ağıllı və yaşıl” məkana çevirmək məqsədi daşıyır.

Bu gün Füzuli müasir şəhərsalma prinsipləri əsasında yenidən doğulur. Burada qurulan yeni məktəblər, yaşayış kompleksləri, enerji mərkəzləri və sosial müəssisələr həm dövlətimizin gücünü, həm də xalqımızın iradəsini təcəssüm etdirir. Füzuli artıq azadlıqdan doğan inkişafın, milli dirçəlişin rəmzinə çevrilmişdir.

Kamalə Səfərova

YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.