1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunu işğal etməsi bölgənin sosial, iqtisadi və mədəni həyatına ağır zərbə vurdu. On minlərlə sakin doğma yurdlarını tərk etməyə məcbur oldu, evlər, məktəblər, xəstəxanalar və tarixi abidələr yerlə-yeksan edildi. Lakin xalqımız heç zaman bu torpaqlardan ümidini üzmədi və o gün gəldi ki, 2020-ci ilin 17 oktyabrında Füzuli azad edildi.
Vətən müharibəsinin gedişində Füzuli istiqamətində aparılan döyüşlər xüsusilə çətin idi. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu güclü istehkam sistemlərini yararaq şəhəri və onun yeddi kəndini işğaldan azad etdi. Bu qələbə yalnız hərbi baxımdan deyil, həm də xalqın milli qürurunun bərpası baxımından mühüm hadisə oldu.
Füzulinin azadlığı Vətən müharibəsində dönüş nöqtəsi sayılır. Bu hadisə cənub cəbhəsində strateji üstünlüyü təmin etdi və növbəti azadlıqların – Zəngilan, Qubadlı və Şuşanın – yolunu açdı. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində bu tarixi zəfəri böyük qürur hissi ilə elan etdi.
Dövlət başçısının Sərəncamı ilə təsis edilən “Füzulinin azad olunmasına görə” medalı döyüşlərdə igidlik göstərən hərbçilərin qəhrəmanlığının yüksək qiymətləndirilməsidir. Bu medal həm də dövlətin öz əsgərinə olan hörmətinin rəmzidir. İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu qələbəyə görə xalqımız şəhidlərimizə borcludur.
Bu gün 17 oktyabr artıq Füzuli Şəhəri Günü kimi qeyd olunur. Bu tarix yalnız azadlığın deyil, həm də dirçəlişin, qürurun və milli həmrəyliyin simvoluna çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzuli bərpa olunur, Böyük Qayıdış proqramı həyata keçirilir və yeni həyat başlayır.
Rəsmiyyə Məmmədova
YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın