Füzuli rayonu Azərbaycanın qədim torpaqlarından biridir və əsrlər boyu Qarabağ bölgəsinin sosial, iqtisadi və mədəni inkişafında mühüm rol oynamışdır. Bu diyarın coğrafiyası Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən başlayaraq Araz çayına qədər uzanır. Ərazidən axan Quruçay və Köndələnçay kimi çaylar bölgəyə həyat verir, kənd təsərrüfatının inkişafına imkan yaradır. Tarixi mənbələr Füzulinin mədəniyyət, elm və incəsənət baxımından zəngin bir mərkəz olduğunu sübut edir.
1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Şəhər dağıdıldı, yaşayış məntəqələri yerlə-yeksan edildi, minlərlə insan doğma torpaqlarından didərgin salındı. Lakin xalqımızın ruhu sınmadı, Füzulinin azad olunacağına inam heç vaxt itmədı.
2020-ci ilin payızında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Qələbə qazandı. 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri azad edildi. Bu qələbə təkcə hərbi deyil, həm də mənəvi və siyasi baxımdan böyük əhəmiyyət daşıyırdı. Füzulinin azad olunması Şuşaya gedən yolun açılmasına şərait yaratdı və müharibənin gedişatını dəyişdi.
Prezident İlham Əliyevin diqqəti sayəsində Füzuli azadlıqdan dərhal sonra bərpa prosesinə daxil edildi. Qısa müddətdə burada müasir infrastruktur quruldu: Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu, yeni yaşayış kompleksləri və sosial obyektlər istifadəyə verildi. 2023-cü ildə təsdiqlənən “Füzuli şəhərinin 2040-cı ilədək Baş planı” şəhərin müasir və ekoloji cəhətdən davamlı məkana çevrilməsini hədəfləyir.
Bu gün Füzuli Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dayanıqlı inkişaf modelinin parlaq nümunəsinə çevrilib. Burada hər tikili, hər yol və hər məktəb dövlətin gücünü, xalqın birliyini və azadlıqdan doğan inamı əks etdirir.
Anar Cəbizadə
YAP Şuşa rayon təşkilatının 37 saylı ərazi partiya təşkilatının sədr


Bir şərh yazın