Füzuli şəhərinin azad edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə dərhal genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Dağıdılmış şəhərdə ilk növbədə infrastrukturun bərpası, yolların, enerji və su sistemlərinin yenidən qurulması təmin edildi. Bu işlər xalqın doğma torpaqlarına qayıdışına şərait yaratmaq məqsədi daşıyırdı.
Böyük Qayıdış Proqramı çərçivəsində 2023-cü ilin avqust ayında Füzuliyə ilk köç karvanı yola salındı. Əvvəlcə 144 ailə, daha sonra isə yüzlərlə ailə öz doğma yurdlarına qayıtdı. 2025-ci ilin payızına qədər Füzuliyə artıq 3 mindən çox sakin köçürülüb və bu proses artan templə davam edir.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, Füzuli bərpa olunan rayonlar arasında xüsusi yerdədir. Həm şəhərsalma baxımından, həm də strateji mövqeyinə görə bu ərazi Azərbaycanın cənub qapısı kimi mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının təşəbbüsü ilə “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” hazırlanıb.
Yeni Füzuli müasir memarlıq üslubunda, “ağıllı şəhər” konsepsiyası əsasında qurulur. Burada ekoloji dayanıqlıq, enerjiyə qənaət və rəqəmsal idarəetmə prinsipləri tətbiq olunur. Şəhərdə sosial obyektlər – məktəblər, xəstəxanalar, idman və mədəniyyət müəssisələri sürətlə tikilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Füzuliyə səfər edərək açılış mərasimlərində iştirak ediblər. Onların bu səfərləri Böyük Qayıdış prosesinə xüsusi diqqətin təzahürüdür. Füzuli bu gün yenidən dirçəlir və müasir Azərbaycanın parlayan simasına çevrilir.
Səmayə Əliyeva
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın