Prezident İlham Əliyevin Düşənbə çıxışında xüsusi vurğuladığı məsələlərdən biri Laçının MDB-nin 2025-ci il üçün Mədəniyyət Paytaxtı seçilməsi oldu. Bu qərar Azərbaycanın azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma proseslərinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. Laçın, 30 illik işğaldan sonra yenidən dirçələrək, sülh və mədəniyyətin rəmzinə çevrilib.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu ilin iyununda Laçında “MDB-nin Mədəniyyət Paytaxtı İli”nin açılış mərasimi keçirilib və tədbirin qonaqları şəhərin müasir inkişafının şahidi olublar. Bu, Azərbaycanın azad edilmiş torpaqlarında həyata keçirdiyi yenidənqurma siyasətinin real nəticəsidir.
Laçının seçilməsi yalnız mədəni hadisə deyil, həm də siyasi məna daşıyır. Bu qərarla MDB ölkələri Azərbaycanın ərazi bütövlüyünə və dirçəliş siyasətinə dəstək nümayiş etdirmiş oldular. Laçın bu gün MDB məkanında mədəniyyətin, yaradıcılığın və birliyin simvoludur.
Prezidentin sözlərinə görə, Laçında keçiriləcək tədbirlər MDB ölkələri arasında mədəni körpülərin qurulmasına xidmət edəcək. Bu, həm xalqlar arasında əlaqələrin dərinləşməsi, həm də Azərbaycanın mədəni diplomatiya sahəsindəki liderliyinin göstəricisidir.
Beləliklə, Laçının MDB mədəniyyət paytaxtı statusu Azərbaycanın yumşaq güc siyasətinin real təntənəsidir. Bu şəhər təkcə Azərbaycanın deyil, bütün MDB məkanının mədəni yenilənmə simvoluna çevrilib.
Natiq Mahmudov
YAP Şuşa rayon təşkilatının fəalı


Bir şərh yazın