2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə baş tutan MDB Dövlət Başçıları Şurasının iclası Azərbaycan diplomatiyasının regional təsir gücünü bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı balanslı və prinsipial mövqeyi ilə seçildi. Dövlət başçısı MDB çərçivəsində iqtisadi və humanitar əlaqələrin bərabərlik, qarşılıqlı hörmət və fayda prinsipləri üzərində qurulmasının vacibliyini qeyd etdi.
Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Zəngəzur dəhlizi kimi layihələr MDB-nin iqtisadi inteqrasiyasına yeni nəfəs gətirib. Bu infrastruktur təşəbbüsləri birliyə üzv dövlətlər üçün yeni logistik və ticarət imkanları açır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu proseslərin aparıcı qüvvəsi kimi çıxış etdiyini xatırlatdı.
Düşənbə sammitində humanitar əməkdaşlıq da əsas müzakirə mövzularından biri oldu. Prezident İlham Əliyev MDB Oyunlarının Gəncə və digər şəhərlərdə keçirilməsini mədəni diplomatiyanın təntənəsi kimi dəyərləndirdi. Bu tədbir MDB gəncləri arasında dostluq və həmrəylik ruhunun güclənməsinə töhfə verdi.
Prezidentin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı elan olunması barədə fikirləri Azərbaycanın azad olunmuş ərazilərdəki bərpa prosesinin beynəlxalq səviyyədə tanınması baxımından xüsusi əhəmiyyət daşıyır. Laçın bu gün mədəniyyətin, sülhün və yenidənqurmanın simvoluna çevrilib.
Düşənbədə səslənən mesajlar göstərdi ki, Azərbaycan MDB-də yalnız üzv ölkə deyil, həm də əməkdaşlıq istiqamətlərinə yön verən strateji tərəfdaşdır. Bu çıxış ölkəmizin regionda sabitliyin və tərəfdaşlığın əsas dayağı olduğunu bir daha təsdiqlədi.
YAP Şuşa rayon təşkilatının saylı ərazi partiya təşkilatının sədri
Nizami Şahvələdov


Bir şərh yazın