Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regiondakı və beynəlxalq münasibətlər sistemindəki rolunun dərin geosiyasi mənzərəsini ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan yalnız öz milli maraqlarını müdafiə etmir, eyni zamanda regionda sabitlik və əməkdaşlıq proseslərinin aparıcı qüvvəsi kimi çıxış edir. Prezidentin çıxışı MDB məkanında yaranan yeni siyasi reallıqlara adekvat, müasir və praqmatik baxışın ifadəsi idi.
Azərbaycan liderinin vurğuladığı əsas tezislərdən biri regional həmrəyliyin möhkəmləndirilməsi və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq idi. İlham Əliyev bildirdi ki, MDB-nin məqsədi sadəcə siyasi platforma yaratmaq deyil, real iqtisadi və humanitar inteqrasiyanı təmin etməkdir. Bu yanaşma Azərbaycanın xarici siyasətində praktiki nəticələrə əsaslanan, formalizmə deyil, inkişafa yönəlmiş fəlsəfənin təzahürüdür.
Çıxışda diqqət çəkən digər məqam Laçının MDB-nin 2025-ci il mədəniyyət paytaxtı elan olunması ilə bağlı idi. Dövlət başçısının bu münasibətlə səsləndirdiyi təşəkkür nitqi Azərbaycanın mədəniyyət diplomatiyasının uğurunu nümayiş etdirdi. Laçının bu statusu yalnız bir şəhərin simvolik seçimi deyil, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə sülh və bərpa siyasətinin beynəlxalq səviyyədə dəstəklənməsi deməkdir.
Prezident İlham Əliyev həmçinin MDB-nin humanitar məkanında idman və gənclər siyasətinin əhəmiyyətini ön plana çıxardı. Gəncədə keçirilmiş III MDB Oyunlarını xatırladaraq, bu tədbirlərin xalqlar arasında mədəni və sosial yaxınlaşmaya, həmçinin dostluq əlaqələrinin dərinləşməsinə töhfə verdiyini vurğuladı. Oyunların regionun müxtəlif şəhərlərində təşkili Azərbaycanın inkişaf modelinin və təşkilatçılıq bacarığının göstəricisi kimi dəyərləndirildi.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Düşənbədəki çıxışı MDB məkanında geosiyasi tarazlıq və strateji sabitliyin qorunmasında Azərbaycanın aparıcı rolunu təsdiqlədi. Dövlət başçısının praqmatik, balanslı və sülh yönümlü mövqeyi regionun gələcək inkişaf xəritəsinin müəyyənləşməsində mühüm amilə çevrildi. Bu çıxış həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti sübutu oldu.
Aynurə Məlikova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın