2025-ci ilin payızında Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları ölkənin beynəlxalq humanitar siyasətində mühüm mərhələ kimi tarixə düşdü. 13 ölkədən 1600-dən çox idmançının iştirakı ilə keçirilən bu yarışlar MDB məkanında dostluq, əməkdaşlıq və qarşılıqlı hörmət dəyərlərinin gücləndirilməsinə xidmət etdi. Oyunların açılış və bağlanış mərasimləri Azərbaycanın qədim mədəniyyətini, müasir təşkilatçılıq bacarığını və gənclər siyasətinin uğurlarını nümayiş etdirdi. Prezident İlham Əliyev Düşənbə sammitində bu oyunların MDB-nin humanitar birliyinin təzahürü olduğunu xüsusi vurğuladı.
III MDB Oyunlarının əsas mərkəzi qədim Gəncə şəhəri oldu. Nizami Gəncəvinin vətəni olan bu tarixi şəhərdə keçirilən yarışlar Azərbaycanın mədəni kökləri ilə müasir dövlətçiliyin sintezini əks etdirdi. Bununla yanaşı, oyunlar ölkənin digər şəhərlərində – Qəbələ, Göygöl, Mingəçevir, Yevlax, Şəki və Xankəndidə də təşkil olundu. Bu, regionlararası balansın qorunması və inkişafın bərabər paylanması siyasətinin parlaq nümunəsidir.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu cür tədbirlər MDB-nin sadəcə idman platforması deyil, həm də xalqlar arasında dostluq və birliyin möhkəmlənməsi üçün unikal imkan yaratdığını göstərir. Oyunlarda yalnız MDB üzv dövlətləri deyil, digər qitələrdən gələn idmançılar da iştirak etdilər ki, bu da tədbirin beynəlmiləl xarakterini daha da artırdı. Bu yarışlar Azərbaycanın “yumşaq güc” siyasətinin mühüm elementi kimi beynəlxalq aləmdə sülh, əməkdaşlıq və tolerantlıq mesajı verdi.
Oyunların keçirilməsi həmçinin Azərbaycanın gənclər arasında sağlam həyat tərzini və idman mədəniyyətini təşviq edən siyasətinin nəticəsidir. Gənclərin müxtəlif ölkələrdən gələrək bir arenada yarışması qarşılıqlı hörmət və anlayış mühitini formalaşdırdı. MDB-nin idman, mədəniyyət və humanitar sferada inteqrasiyasına bu oyunlar yeni təkan verdi.
Nəticə etibarilə, III MDB Oyunları Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı və ölkəmizi regional əməkdaşlığın mərkəzinə çevirdi. Bu tədbir Azərbaycanın idman, mədəniyyət və diplomatiyanı birləşdirən “yumşaq güc” siyasətinin ən uğurlu təzahürlərindən biri kimi tarixdə qalacaq.
Qönçə İsmayılova
YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın