Prezident İlham Əliyevin 2025-ci il oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı Azərbaycanın xarici siyasətində humanitar diplomatiyanın strateji əhəmiyyətini bir daha ön plana çıxardı. Bu çıxış təkcə siyasi və iqtisadi məsələlərə deyil, həm də insanları birləşdirən mənəvi və mədəni dəyərlərə əsaslanırdı. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycanın beynəlxalq uğurlarının arxasında təkcə güclü ordu və iqtisadi potensial deyil, həm də mədəni diplomatiya, etimad və qarşılıqlı hörmət fəlsəfəsi dayanır. Prezident İlham Əliyev Düşənbə platformasında Azərbaycanı MDB məkanında sabitlik, əməkdaşlıq və humanizm dəyərlərinin daşıyıcısı kimi təqdim etdi.
Laçının MDB-nin 2025-ci il üçün “mədəniyyət paytaxtı” elan olunması bu siyasətin parlaq nəticələrindən biridir. İşğaldan azad edilmiş Laçın şəhərinin bir neçə il ərzində tamamilə bərpa olunaraq müasir şəhərə çevrilməsi Azərbaycanın dirçəliş modelinin simvoluna çevrildi. Prezident İlham Əliyev sammitdə həmkarlarına təşəkkür edərək qeyd etdi ki, “tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”. Bu sözlər sadəcə bir diplomatik jest deyil, həm də Azərbaycanın Zəfərdən sonra qurduğu mədəni diplomatiya fəlsəfəsinin ifadəsidir. MDB ölkələrinin Laçına bu statusu verməsi Azərbaycanın mədəni nüfuzunun, beynəlxalq etimadının və humanitar siyasətinin uğurla tanındığının göstəricisidir.
Laçın bu gün Azərbaycanın mənəvi dirçəlişinin və milli qürurunun simvoluna çevrilib. Orada bərpa edilən hər bina, açılan hər məktəb və ya mədəniyyət ocağı təkcə infrastruktur layihəsi deyil, dövlətçilik ideyasının canlı ifadəsidir. MDB-nin Laçına mədəniyyət paytaxtı statusu verməsi həm də işğaldan azad olunmuş ərazilərin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfədir. Bu, eyni zamanda regionda sülh və sabitliyin bərqərar olunması üçün yeni bir humanitar platforma formalaşdırır. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində Azərbaycan təkcə mədəniyyətini deyil, dostluq və inteqrasiya modelini də MDB məkanına ixrac edir.
Digər mühüm hadisə – Gəncədə keçirilən III MDB Oyunları – Azərbaycanın humanitar diplomatiyasının idman sahəsindəki təcəssümüdür. Bu yarışlar təkcə idman hadisəsi deyil, xalqlar arasında qarşılıqlı etimad, əməkdaşlıq və dostluq körpüsü rolunu oynadı. 13 ölkədən 1600-dən çox idmançının iştirakı ilə keçirilən yarışlar Azərbaycanı həm təşkilati bacarığı, həm də insan mərkəzli siyasəti ilə fərqləndirdi. Prezident İlham Əliyevin sözləri ilə desək, “bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir.”Azərbaycanın humanitar diplomatiyası bu gün MDB məkanında mədəni və mənəvi güc mərkəzi rolunu oynayır. Prezident İlham Əliyevin Düşənbədəki çıxışı göstərdi ki, Azərbaycan artıq təkcə iqtisadi və siyasi layihələrlə deyil, insanları birləşdirən mənəvi dəyərlərlə regionda liderlik edir. Laçında yanan mədəniyyət çırağı Gəncədəki idman meydanlarını işıqlandırır, hər ikisi isə Vətən ideyasının və Azərbaycan qalibiyyət ruhunun təcəssümünə çevrilir. Bu model sülh, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan müasir diplomatiya fəlsəfəsinin ən uğurlu nümunələrindən biri kimi tarixə düşəcək.
YAP Şuşa Rayon Təşkilatının 2 nömrəli ərazi partiya təşkilatının fəal üzvü: Elxan Ələkbərov


Bir şərh yazın