2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası postsovet məkanında yaranan yeni geosiyasi reallıqlar fonunda mühüm hadisə kimi yadda qaldı. Bu sammit regional əməkdaşlığın dərinləşməsi, iqtisadi və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin iclasdakı çıxışı təkcə ölkəmizin mövqeyini deyil, həm də MDB-nin gələcək inteqrasiya istiqamətlərinə dair strateji baxışı ifadə etdi. Sammitin gedişində Azərbaycanın təşəbbüsləri bir daha göstərdi ki, ölkəmiz təşkilat daxilində real əməkdaşlıq və qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə yönəlmiş fəal siyasət yürüdür.
Prezident İlham Əliyev çıxışında MDB-nin regional sabitlik və iqtisadi tərəfdaşlıq üçün önəmli platforma olduğunu vurğuladı. O, qeyd etdi ki, Azərbaycanın xarici siyasət fəlsəfəsi bərabərhüquqlu münasibətlər, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanır. Dövlət başçısı MDB-ni formal mexanizm kimi deyil, real iqtisadi və humanitar əməkdaşlıq məkanı kimi dəyərləndirdi. Bu baxış Azərbaycanın inteqrasiya proseslərinə verdiyi töhfələrin praktik xarakter daşıdığını sübut edir.
İclasda Azərbaycanın təşəbbüsləri arasında xüsusilə Laçının 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan olunması diqqət çəkdi. Bu qərar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma siyasətinin beynəlxalq səviyyədə tanındığını göstərir. Prezident İlham Əliyev MDB dövlət başçılarına dəstəyə görə minnətdarlığını bildirərək vurğuladı ki, Laçının bu statusu Azərbaycan xalqı üçün həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır.
Düşənbə sammitində həmçinin III MDB Oyunlarının uğurlu keçirilməsinə dair fikirlər səsləndirildi. 13 ölkədən 1600-dən çox idmançının iştirakı ilə Azərbaycanın müxtəlif şəhərlərində keçirilən bu oyunlar MDB çərçivəsində dostluq və qarşılıqlı anlaşma mühitinin güclənməsinə xidmət edib. Prezident İlham Əliyev qeyd etdi ki, belə tədbirlər birliyin mədəni və humanitar potensialını artırır, xalqları birləşdirən dəyərləri ön plana çıxarır.
Beləliklə, Düşənbə sammiti Azərbaycanın MDB məkanında aparıcı dövlətlərdən biri kimi nüfuzunu daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu platformada sülh, sabitlik və tərəfdaşlıq dəyərlərinin daşıyıcısına çevrilib. Sammit ölkəmizin regional əməkdaşlığın yeni mərhələsində söz sahibi olduğunu bir daha sübuta yetirdi.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın