Azərbaycan çox beynəlxalq qurumun üzvüdür: BMT, ATƏT, MDB, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, başqaları var. Amma hamının canına ən çox yatan Türk Dövlətləri Təşkilatıdır. Prezident İlham Əliyevin dediyi kimi, türk dünyası bizim ailəmizdir.

2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qədim Naxçıvan torpağında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını yaratdı. 2019-cu il sentyabrın 14-də Özbəkistan şuraya qoşuldu. 2021-ci il noyabrın 12-də qurum Türk Dövlətləri Təşkilatı adı aldı. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatında müşahidəçidir.

İndiyəcən 11 zirvə görüşü olmuşdu. 12-ci zirvə görüşünə oktyabrın 7-də qədim yurdumuz Qəbələ ev sahibliyi elədi.

Prezidentimiz İlham Əliyevin sədrlik etdiyi zirvədə Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan, Özbəkistan prezidenti Şövkət Mirziyayev, Qırğızıstan prezidenti Sadır Japarov, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev, Macarıstanın baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar yer almışdı.

Dövlət başçısı tədbirdəki çıxışında öncə bir məqamı qeyd etdi: “Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.

Dünyanın sərt üzünü gördüyümüz bir şəraitdə, beynəlxalq hüququn işləmədiyi bir zamanda qanı qanımızdan, canı canımızdan olan doğmalara sarılmaq, onlarla çiyin-çiyinə dayanmaq qaçılmazdır, milli təhlükəsizlik məsələsidir. Cənab prezident Qəbələ zirvəsində bu məqamın üzərində xüsusi dayandı və vacib bir təklif verdi: “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”.

İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin bərpasına dəstək verən qardaş ölkələrə bir daha təşəkkür etməsi də yaddaşları təzələdi: “Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.

Qazaxıstan prezidentinin Qəbələdəki çıxışındakı bir məqam da çox yerinə düşdü. O, unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin “Türkün türklə ədavətə haqqı yoxdur” sözlərini misal gətirdi və qeyd etdi ki, ağsaqqalların bu kimi sözlərini çox yüksək tutmalı və türk dövlətlərini bir araya gətirməkdə əlimizdən gələni etməliyik.

Türkiyə liderinin çıxışında da önəmli bir detal vardı: “Biz böyük türk dünyasını daha da gücləndirərək övladlarımıza miras qoyacağıq”.

Türk dünyasının hər mənada daha da sıx toparlanmasına ehtiyac var. Ortaq əlifba bu baxımdan ən vacib məsələdir. Bu yaxınlarda Qarabağ Universitetinin elm şöbəsinin müdiri Elçin İbrahimovun “Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” adlı kitabı Türkiyədə nəşr olunub. Kitabda qeyd olunur ki, türk dünyasında əlifba və imla problemlərinin həlli sadəcə dil məsələsi olmaqdan çıxaraq həm də mədəni və strateji bir yanaşma kimi böyük əhəmiyyət kəsb edir, türklər arasında ortaq yazı sisteminin formalaşdırılması dildəki müxtəlifliyi qorumaqla yanaşı, bu müxtəlifliyin vahid bir platformada birləşdirilməsini də nəzərdə tutur.

Başqa bir vacib məsələ türk dünyasının təhlükəsizlik müstəvisində sıx inteqrasiyasıdır. 2021-ci il iyunun 15-i Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərini nəzərdə tutan bəyannamə imzalanıb. Bəyannaməyə əsasən, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, təhlükəsizliyinə qarşı təhdid, təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılacaq, təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə təşəbbüs həyata keçiriləcək, bir-birinə zəruri yardım göstəriləcək, müdafiə ehtiyaclarının ödənməsinə qərar veriləcək və Silahlı Qüvvələrin əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq. Məncə, bütövlükdə türk dünyası ölkələrinin arasında oxşar bəyannamə imzalamaq, gələcəkdə isə vahid ordu yaradılması üzərində düşünmək gərəkdir.

Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi, mədəni, idman sahələrində əlaqələri daha da sıxlaşdırmaq vacibdir.

Sonda, prezident İlham Əliyevin 14 fevral 2024-cü ildə Türk Dövlətləri Təşkilatı barədə səsləndirdiyi sözləri xatırladıram: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”.

YAP Şuşa Rayon Təşkilatının 2 nömrəli ərazi partiya təşkilatının fəal üzvü: Elxan Ələkbərov


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.