Azərbaycanın Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusunda Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə toplantısı öz işinə başladı. Bu hadisə həm Azərbaycan, həm də bütün türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir, çünki beynəlxalq birliyin köklü transformasiyalarla üzləşdiyi, regional ittifaqların və birliklərin isə qlobal siyasi səhnədə getdikcə daha nüfuzlu aktorlara çevrildiyi bir dövrə təsadüf edir.
2009-cu il oktyabrın 3-də Naxçıvanda sonradan TDT-yə çevrilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş imzalanıb: “Türk Dövlətləri Təşkilatının tarixi türkdilli ölkələr arasında koordinasiya və dialoq ideyasından geniş gündəliyə və artan təsirə malik olan tamhüquqlu beynəlxalq quruma qədər uzanan bir yoldur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına ilkin olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxil idi. Daha sonra Özbəkistan üzv oldu, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti isə müşahidəçi statusu aldı. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən 8-ci Zirvə toplantısında təşkilatın adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması barədə qərar qəbul edildi. Bu sadəcə ad dəyişikliyi deyil, təşkilatın siyasi yetkinləşməsini və beynəlxalq institut kimi fəaliyyət göstərməyə hazırlığını simvolizə edən inteqrasiyanın yeni səviyyəsinə keçid idi”.
TDT-nin strukturuna Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası, Yüksəkvəzifəli Şəxslər Komitəsi və Katiblik daxildir: “Bundan əlavə, təşkilat Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Türk İnvestisiya Fondu və Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini əlaqələndirir. Təşkilat BMT, ATƏT, İƏT, Ümumdünya Gömrük Təşkilatı və digər beynəlxalq qurumlarla əməkdaşlıq edir və bununla da qlobal siyasətdə öz təsirini tədricən genişləndirir. Xüsusilə qeyd edilməlidir ki, İstanbulda keçirilən 8-ci Zirvə toplantısında qəbul edilmiş və etimadın, siyasi həmrəyliyin möhkəmləndirilməsi, iqtisadi və texniki əməkdaşlığın inkişafı, mədəni irsin qorunması, vahid nəqliyyat məkanının yaradılması, təhlükəsizliyin əlaqələndirilməsi kimi uzunmüddətli prioritetləri özündə əks etdirən “Türk dünyasına baxış – 2040” konsepsiyası TDT-nin mühüm strateji sənədinə çevrildi.
YAP Şuşa Rayon Təşkilatının 2 nömrəli ərazi partiya təşkilatının fəal üzvü: Əlisahib Şirinov


Bir şərh yazın