Türk Dövlətləri Təşkilatı əvvəlcə Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurası adı ilə 2009-cu ildə hökumətlərarası təşkilat olaraq təsis edilmişdir. Təşkilatın əsas məqsədi Türk dövlətləri arasında hərtərəfli əməkdaşlığı təşviq etməkdir. Təsisçi üzv dövlətlər – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə – olmuş, Macarıstan 2018-ci ilin sentyabrında Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilmiş 6-cı Zirvə görüşündə müşahidəçi statusu qazanmış, daha sonra 2019-cu ilin oktyabrında Bakıda keçirilən 7-ci Zirvə görüşündə Özbəkistan tamhüquqlu üzv kimi qoşulmuşdur. 2021-ci ilin noyabrında keçirilən 8-ci Zirvə toplantısında Türkmənistan, 2022-ci ilin noyabrında Şimali Kipr Türk Cümhuriyyəti və 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatı Müşahidəçi Üzv kimi qoşulmuşdur.
Təşkilat Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də beynəlxalq hüququn suveren bərabərlik, ərazi bütövlüyü, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı və beynəlxalq sülh və təhlükəsizliyin qorunması, mehriban qonşuluq və dostluq münasibətlərinin inkişafı kimi ümumbəşəri tanınmış prinsiplərinə, eyni zamanda Təşkilat sülh və sabitliyin gücləndirilməsinə, geniş miqyaslı əməkdaşlığın təşviqinə və üzv dövlətlər arasında ortaq inkişaf potensialının açılmasına sadiqdir. Həmçinin Təşkilat türk dilli ölkələr arasında daha dərin münasibətləri və həmrəyliyi təşviq etməklə Avrasiya qitəsində, xüsusilə Mərkəzi Asiya və Qafqazda beynəlxalq əməkdaşlığın inkişafı üçün yeni regional mexanizmlər hədəfləyir.
Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət olmaqla dörd əsas sütun üzərində qurulan TDT, öz fəaliyyətini bu ortaq dəyərlərlə məhdudlaşdırmır. Əksinə, üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələrdə mövcud ikitərəfli əməkdaşlıq sahələrini çoxtərəfli əməkdaşlığa çevirməyi qarşısına məqsəd qoymuşdur.
2011-ci ildən etibarən, Təşkilat hər il müəyyən mövzu əsasında Zirvə görüşlərini təşkil edir. Bu zirvələrdə üzv dövlətlərin dövlət başçıları keçən dövrü dəyərləndirir və növbəti illər üçün hədəflər müəyyənləşdirirlər. Sayca 12-ci Zirvə Görüşü cari ilin oktyabrln 7-də Qəbələ şəhərində keçirilir. Görüşdə çıxış edən ölkə başçıcı cənab İlham Əliyev bildirmişdir ki,: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır”. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.
Zirvə görüşündəki çıxışında cənab Prezident İlham Əliyev qeyd etmişdir ki,: Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”.
Bu fikirlər türkdilli dövlətlər arasında sıx əməkdaşlığın, dostluq, birgə əməkdaşlığın təzahürü olmaqla yanaşı, gələcək perspektivləri müəyyənləşdirir.
Azərbaycan öz ərazi butövlüyünü bərpa etməklə beynəlxalq aləmdə öz nüfuzunu daha da artırmış və ölkəmizə olan qarşılıqlı tərəfdaşlıq mövqeyini gücləndirmişdir.
Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün Təşkilata üzv dövlətlər tərəfindən dəstək göstərilmişdir. Zirvə görüşündəki çıxışında cənab Prezident İlham Əliyev Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin artıq fəaliyyət göstərdiyini və bunun özbək, qazax və qırğız qardaşlarımızın hədiyyəsi olduğunu vurğulamışdır. Həmçinin çıxışında ölkə başçısı Macar qardaşlarımızın hədiyyəsi kimi Cəbrayılda inşa olunmuş məktəb binasının, türkmən qardaşlarımızın hədiyyəsinin isə yenicə təməli qoyulan Füzuli məscidinin olduğunu bildirmişdir. Qardaş Türkiyə şirkətlərinin isə bir çox tunellər, körpülər, yollar inşa etdiyini qeyd edərək, Azərbaycan xalqının bu qardaş dəstəyini heç vaxt unutmayacağını söyləmişdir.
Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmlidir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur və mütəmadi olaraq Türkiyə ilə birgə ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilir.
Bütün bunlar bir daha göstərir ki, türkdilli dövlətlər tarixi köklərə əsaslanaraq, birgə addımlayır, dostluq və qardaşlıq mühitində əməkdaşlıq edir və bir-birini daim dəstəkləyirlər.
Aygün Məmmədli
YAP Şuşa rayon təşkilatının 2 nömrəli ərazi partiya təşkilatının fəal üzvü


Bir şərh yazın