30 sentyabr 2025-ci ildə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri iki ölkə münasibətlərində xüsusi əhəmiyyət kəsb edən tarixi hadisə kimi yadda qaldı. Bu səfər yalnız protokol xarakteri daşımır, həm də strateji əməkdaşlığın daha da dərinləşməsi üçün mühüm addım oldu. Prezident İlham Əliyev və Prezident Mattarella arasında keçirilən görüşlər və verilən birgə bəyanatlar Azərbaycan–İtaliya münasibətlərinin çoxşaxəli və davamlı inkişafına işarə etdi.
Siyasi əlaqələr son illərdə intensiv xarakter alıb. 2015-ci ildə imzalanmış ilk strateji tərəfdaşlıq sənədi və 2020-ci ildə qəbul olunmuş “Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ikitərəfli münasibətlərin hüquqi bazasını formalaşdırıb. Bu sənədlər sayəsində iki ölkə arasında dialoq təkcə yüksək siyasi səviyyədə deyil, həm də iqtisadi və mədəni sahələrdə geniş miqyas alıb.
Enerji sahəsi əməkdaşlığın lokomotivi olaraq qalır. İtaliya uzun illərdir Azərbaycanın ən böyük neft alıcısıdır. 2020-ci ildən etibarən isə Trans-Adriatik Boru Kəməri vasitəsilə Azərbaycan qazı İtaliya bazarına çatdırılır. Bu fakt, bir tərəfdən Avropanın enerji təhlükəsizliyinə töhfə verir, digər tərəfdən isə Azərbaycan–İtaliya əməkdaşlığının strateji mahiyyətini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu əməkdaşlıq qarşılıqlı etimada əsaslanır.
Tərəfdaşlıq yalnız enerji ilə məhdudlaşmır. İtaliya–Azərbaycan Universitetinin yaradılması, mədəni-humanitar sahədə layihələrin həyata keçirilməsi münasibətlərin genişlənməsinin göstəricisidir. Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi bərpa layihələri və 2012-ci ildə Romada Nizami Gəncəvinin abidəsinin ucaldılması xalqlar arasında mədəni yaxınlığı daha da artırıb.
Prezidentlərin mətbuat üçün bəyanatları bir daha sübut etdi ki, Azərbaycan–İtaliya əlaqələri sadəcə bu günlə məhdudlaşmır, gələcək illər üçün də davamlı strateji xəritə üzərində qurulub. Avropa və Qafqaz arasında körpü rolunu oynayan bu münasibətlər həm iqtisadi sabitlik, həm də siyasi etimad baxımından beynəlxalq aləmdə nümunə kimi göstərilə bilər.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın