Cəbrayıl Şərqi Zəngəzur iqtisadi rayonunun ən mühüm həlqələrindən biridir və əsrlərlə formalaşmış milli-mənəvi irsi ilə seçilir. 1993-cü il avqustun 23-də rayonun işğalı Azərbaycan tarixində ən acı səhifələrdən biri oldu: 1 şəhər, 4 qəsəbə və 92 kənd viran edildi, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı dağıdıldı, rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəydi. Bu faktlar təkcə daş-kərpicin deyil, həm də yaddaşın və ləyaqətin hədəfə alındığını göstərirdi.
Bu qaranlıq səhifənin çevrilməsi isə 2020-ci ildə baş verdi. 27 sentyabrda başlayan Vətən müharibəsinin ilk günlərində Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi, 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq istiqamətlərində uğurlu əməliyyatlar davam etdi. 4 oktyabrda Cəbrayıl şəhəri və daha 9 kənd işğaldan təmizləndi. Beləliklə, rayon ərazisində ümumilikdə 1 şəhər və 90 kənd azad olundu və 27 illik işğala birdəfəlik son qoyuldu.
Cəbrayılın azadlığı yalnız hərbi qələbə deyildi; bu, Azərbaycanın siyasi iradəsinin, dövlət–xalq birliyinin və ədalət hissinin təntənəsi idi. Qələbə dalğası Cəbrayıldan Hadruta, Zəngilana, Qubadlıya və Laçının cənubuna doğru yol açdı, müharibənin strateji xəritəsini Azərbaycan xeyrinə dəyişdi. Xudafərin körpüsündə üçrəngli bayrağın qaldırılması isə bu zəfərin rəmzinə çevrildi.
Zəfər tarixinin hüquqi yaddaşa köçürülməsi də ardıcıl addımlarla təmin edildi. 26 noyabr 2020-ci ildə “Cəbrayılın azad olunmasına görə” medalı təsis olundu, 31 iyul 2023-cü il tarixli Sərəncamla isə 4 oktyabr – Cəbrayıl Şəhəri Günü rəsmiləşdirildi. Bu qərarlar hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsi və gələcək nəsillərə doğru çatdırılması üçün mühüm mexanizmdir.
Bu gün Cəbrayıl yeni inkişaf mərhələsindədir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması (4 oktyabr 2021), Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi, magistral və kənd yollarının salınması, sosial infrastrukturun bərpası Böyük Qayıdışın iqtisadi-sosial sütunlarıdır. 2040-cı ilə qədər 15 min sakinin şəhərdə yaşayacağı nəzərdə tutulur; 2024-cü il 26 sentyabrdan etibarən köç karvanları yola salınır və yüzlərlə ailə yurduna qovuşur.
Elçin Dadaşov
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın