Cəbrayıl rayonu Azərbaycan xalqının qədim mədəniyyətini, mənəvi irsini özündə daşıyan bölgələrdən biridir. Lakin 1993-cü il avqustun 23-də bu torpaq erməni silahlı qüvvələrinin işğalına məruz qaldı. İşğal nəticəsində 1 şəhər, 4 qəsəbə və 92 kənd dağıdıldı, ümumilikdə rayona 13,928 milyard ABŞ dolları həcmində ziyan dəydi. Bu illərdə əhalisi 52 min nəfər olan rayonun 72 məktəbi, 8 xəstəxanası, 132 tarixi abidəsi, 150-dən çox mədəniyyət ocağı məhv edildi. Bu faktlar Cəbrayılın düşmən vandalizmindən ən çox əziyyət çəkən rayonlardan biri olduğunu təsdiqləyir.
Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsində xalqımızın 30 illik həsrətinə son qoydu. İlk uğurlar Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edilməsi ilə gəldi. Ardınca Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri işğaldan təmizləndi. 2020-ci il oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun daha 9 kəndi azad edildi. Ümumilikdə bir şəhər və 90 kənd düşməndən təmizləndi.
Cəbrayılın azad olunması Azərbaycanın hərbi-siyasi həyatında dönüş nöqtəsi oldu. Bu uğurdan sonra Ordumuzun Xocavənd, Hadrut, Zəngilan, Qubadlı və Laçın istiqamətlərində əməliyyat keçirməsi üçün geniş imkanlar açıldı. Beləliklə, Cəbrayıl qələbəsi sonrakı zəfərlərin əsasını qoydu.
Tarixi qələbə Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə əbədiləşdirildi. Bu medal 22 mindən artıq hərbi qulluqçuya təqdim olundu. Eyni zamanda, 31 iyul 2023-cü il tarixli Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan edildi.
Bu gün Cəbrayıl yeni həyatına qədəm qoyub. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması, yarımstansiyanın istifadəyə verilməsi, yolların çəkilməsi və infrastrukturun bərpası Böyük Qayıdışın təməlidir. Artıq yüzlərlə ailə doğma yurduna köçürülüb, qədim Cəbrayıl yenidən Azərbaycan xalqının qürur mənbəyinə çevrilməkdədir.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın