Prezident İlham Əliyev çıxışında Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərə də geniş yer ayırdı. Dövlət başçısı vurğuladı ki, ölkəmiz yoxsulluğu və işsizliyi tarixi minimuma endirib, iqtisadiyyatı şaxələndirib və dayanıqlı inkişaf modelini formalaşdırıb.
Beynəlxalq reytinq agentliklərinin verdiyi qiymətlər bu uğurları təsdiqləyir. “Moody’s” və “Fitch” kimi aparıcı qurumların Azərbaycanın reytinqini artırması maliyyə sabitliyinin, fiskal intizamın və əlverişli investisiya mühitinin beynəlxalq səviyyədə tanındığını göstərir.Azərbaycanın xarici borcunun ÜDM-in cəmi 6,5 faizi qədər olması və valyuta ehtiyatlarının borcdan 16 dəfə artıq olması ölkəmizin iqtisadi təhlükəsizliyini gücləndirir. Bu göstəricilər beynəlxalq miqyasda nadir rast gəlinən nümunələrdən biridir.
Qeyri-neft sektorunun inkişafı Azərbaycanın iqtisadi şaxələndirmə siyasətinin uğurunu nümayiş etdirir. Kənd təsərrüfatı, turizm, logistika və informasiya texnologiyaları sahələrində görülən işlər dayanıqlı inkişaf üçün əsas baza yaradır.İqtisadi uğurlar təkcə statistik rəqəmlərdə deyil, həm də insanların sosial rifahında özünü göstərir. Yeni iş yerlərinin açılması, sosial layihələrin həyata keçirilməsi və infrastrukturun inkişafı əhalinin həyat keyfiyyətini yüksəldir.
Beləliklə, Azərbaycanın iqtisadi modeli regional və qlobal səviyyədə nümunə göstərilə biləcək uğurlu inkişaf nümunəsidir. Bu model ölkənin gələcəkdə də davamlı tərəqqisinə zəmin yaradır.
Rəsmiyyə Məmmədova
YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın