Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi çıxışda xüsusi vurğulanan mövzulardan biri Azərbaycanın enerji təhlükəsizliyində oynadığı strateji rol oldu. Dövlət başçısı qeyd etdi ki, enerji yalnız iqtisadi inkişafın deyil, həm də sülh və təhlükəsizliyin əsas dayaqlarından biridir. Azərbaycanın təşəbbüsləri sayəsində Avropa və Asiya arasında yeni enerji bağlantıları yaradılıb və bu, ölkəmizi regionda və dünyada əvəzolunmaz tərəfdaşa çevirib.
Son illərdə Azərbaycanın həyata keçirdiyi enerji layihələri qlobal enerji xəritəsini dəyişib. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və xüsusilə də Cənub Qaz Dəhlizi bu sahədə ən mühüm nailiyyətlərdəndir. Prezident İlham Əliyev çıxışında bildirdi ki, hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Bu fakt Azərbaycanın enerji təminatında nə qədər strateji rol oynadığını açıq şəkildə nümayiş etdirir.
Enerji təhlükəsizliyində şaxələndirmə də Azərbaycanın əsas üstünlüklərindəndir. Ölkəmiz həm şimal, həm qərb, həm də cənub istiqamətlərində kəmərlərlə beynəlxalq bazarlara çıxış əldə edib. Bu, Avropanın enerji asılılığını azaltdığı kimi, Azərbaycanın geosiyasi əhəmiyyətini də artırır. Enerji infrastrukturuna edilən investisiyalar sayəsində Azərbaycan artıq sadəcə xammal ixracatçısı deyil, qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi tanınır.
Azərbaycanın enerji siyasəti yalnız neft və qazla məhdudlaşmır. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, ölkə bərpaolunan enerji mənbələrinə də ciddi sərmayələr yatırır. Günəş, külək və su enerjisi layihələrinin həyata keçirilməsi nəticəsində 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin məhz bərpaolunan mənbələr hesabına təmin olunması planlaşdırılır. Bu, Azərbaycanın enerji siyasətinin gələcəyə yönəlmiş, dayanıqlı və ekoloji baxımdan səmərəli olduğunu göstərir.
Enerji təhlükəsizliyi məsələsi həm də siyasi sabitlik və regional əməkdaşlıqla sıx bağlıdır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri təkcə iqtisadi divident gətirmir, həm də dövlətlər arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır. Cənub Qaz Dəhlizi layihəsində bir çox ölkələrin iştirak etməsi buna bariz nümunədir. Bu baxımdan, Azərbaycanın enerji diplomatiyası həm regional, həm də qlobal səviyyədə strateji əməkdaşlıq mühitini möhkəmləndirir.
Nəticə olaraq, Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol artıq təkcə region üçün deyil, bütün dünya üçün həyati əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin BMT tribunasından səsləndirdiyi fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan etibarlı tərəfdaş, sabitlik adası və enerji sahəsində qlobal aktordur. Bu mövqeyin qorunması və daha da gücləndirilməsi isə ölkəmizin gələcək inkişafında həlledici rol oynayacaq.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın