Azərbaycan uzun illərdir ki, dünya enerji bazarında etibarlı tərəfdaş statusu qazanıb. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında da vurğulandığı kimi, ölkəmiz enerji təhlükəsizliyinin təmin olunmasında həm regional, həm də qlobal miqyasda əhəmiyyətli rol oynayır. Xüsusilə son illərdə Avropada enerji böhranı fonunda Azərbaycanın təbii qaz ixracının artırılması böyük strateji dəyər kəsb edib. Bu, yalnız iqtisadi fayda deyil, həm də siyasi sabitliyin təminatı üçün vacib addım idi.
Hazırda Azərbaycan 14-dən çox ölkəyə təbii qaz ixrac edir. Bununla da ölkəmiz boru kəmərləri vasitəsilə qaz ixrac edən dövlətlər arasında dünya miqyasında ilk sıralarda yer alır. Bu fakt bir daha göstərir ki, Azərbaycanın enerji infrastrukturu qlobal təhlükəsizlikdə mühüm dayaqlardan biridir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və TAP kimi layihələr bu istiqamətdə strateji əhəmiyyət kəsb edən nümunələrdir.
Prezident İlham Əliyev çıxışında enerji təhlükəsizliyini sadəcə iqtisadi məsələ kimi deyil, həm də sülh və sabitlik amili kimi dəyərləndirdi. Çünki enerji resurslarının etibarlı və davamlı şəkildə təmin olunması ölkələr arasında əməkdaşlığı gücləndirir, qarşılıqlı asılılıq yaradır və bununla da münaqişələrin qarşısını alır. Azərbaycan bu siyasəti ilə həm öz milli maraqlarını təmin edir, həm də beynəlxalq münasibətlərdə etibarlı aktor rolunu oynayır.
Son illərdə ölkəmizdə bərpaolunan enerji sahəsinə də xüsusi diqqət yetirilir. Qarabağ və Şərqi Zəngəzurda qurulan günəş və külək stansiyaları, xarici şirkətlərlə bağlanan müqavilələr Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcıdır. Bu addımlar Azərbaycanın qlobal enerji keçidində iştirakını təmin edir və ekoloji sabitliyə töhfə verir.
Azərbaycanın enerji diplomatiyası təkcə ixrac marşrutlarının genişləndirilməsi ilə məhdudlaşmır. Bu siyasət həm də regional əməkdaşlıq layihələrinin əsasını təşkil edir. Qonşu ölkələrlə reallaşdırılan layihələr Avrasiyada yeni enerji xəritəsinin formalaşmasına imkan yaradır. Prezidentin BMT tribunasında səsləndirdiyi mesajlar da bu kontekstdə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi.
Nəticə etibarilə Azərbaycan enerji təhlükəsizliyi sahəsində özünü etibarlı, məsuliyyətli və uzunmüddətli tərəfdaş kimi təsdiqləyib. Prezident İlham Əliyevin çıxışı da göstərdi ki, enerji məsələsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə atılan addımlar həm ölkəmizin, həm də beynəlxalq ictimaiyyətin maraqlarına xidmət edir.
Qönçə İsmayılova
YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın