Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi çıxış Azərbaycan diplomatiyasının əsas hədəflərini və beynəlxalq hüquqa sadiqliyini bir daha nümayiş etdirdi. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, ölkəmizin baxışları aydındır və bu baxışlar beynəlxalq hüquqa əsaslanır. Sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri Azərbaycanın diplomatik kursunun bünövrəsini təşkil edir. Bu mövqenin dünya liderləri qarşısında səsləndirilməsi Azərbaycanın beynəlxalq siyasətdə etibarlı tərəfdaş kimi tanınmasına böyük töhfə verdi.
Azərbaycanın beynəlxalq hüquqa əsaslanan sülh gündəliyi, əslində, 44 günlük Vətən müharibəsindən sonra yeni bir məzmun kəsb etdi. Ölkə rəhbərliyi daim vurğulayıb ki, münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun mümkün idi və Azərbaycan da məhz bu yolla öz ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın illərlə davam edən qeyri-konstruktiv mövqeyi, işğal siyasəti və beynəlxalq hüquqa məhəl qoymaması nəticəsində Azərbaycan özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qaldı. Lakin nəticədə ədalət zəfər çaldı, beynəlxalq hüquq faktiki olaraq tətbiq olundu.
Sülh gündəliyinin mühüm tərkib hissəsi Ermənistanla münasibətlərin normallaşdırılmasıdır. Azərbaycan rəhbərliyi açıq şəkildə bəyan etdi ki, sülh yalnız qarşılıqlı ərazi bütövlüyünün tanınması əsasında mümkündür. Bu istiqamətdə beynəlxalq hüquqa əsaslanan beş prinsip irəli sürüldü və Ermənistan tərəfinə sülh müqaviləsi layihəsi təqdim olundu. 2022-ci ildən başlayan və 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi yalnız ikitərəfli əsasda aparıldığı üçün daha səmərəli nəticələr verdi. Bu, Azərbaycanın diplomatiyada müstəqil və prinsipial xəttinin göstəricisidir.
Prezident İlham Əliyevin BMT tribunasından səsləndirdiyi “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı bir dünya quraq” çağırışı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin ən dolğun ifadəsidir. Bu mesaj həm beynəlxalq təşkilatlara, həm də aparıcı dövlətlərə ünvanlanmışdı. Azərbaycan daim bəyan edib ki, əgər beynəlxalq hüquq hər kəs üçün eyni dərəcədə tətbiq olunmasa, ədalətli dünya nizamından danışmaq mümkün deyil. Bu çağırış hazırda beynəlxalq münasibətlər sistemində ən çox müzakirə olunan tezislərdən birinə çevrilib.
Azərbaycanın sülh gündəliyində yalnız regional deyil, qlobal məsələlər də əhatə olunur. İqlim böhranı, Dayanıqlı İnkişaf Məqsədləri, enerji və nəqliyyat təhlükəsizliyi kimi məsələlər Azərbaycanın xarici siyasət kursunda prioritet yer tutur. COP29-un Bakıda keçirilməsi qərarı da Azərbaycanın qlobal proseslərdə etibarlı tərəfdaş statusunu gücləndirir. Bu, ölkəmizin yalnız regional sabitliyin təminatçısı deyil, həm də qlobal problemlərin həllinə töhfə verən aktor olduğunu təsdiqləyir.
Nəticə olaraq, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan sülh gündəliyi həm ölkənin milli maraqlarını qoruyur, həm də qlobal təhlükəsizlik və əməkdaşlığa xidmət edir. Prezident İlham Əliyevin BMT tribunasından səsləndirdiyi çağırışlar göstərdi ki, Azərbaycan artıq qalib dövlət olaraq yalnız öz gələcəyini deyil, həm də regionun və dünyanın gələcəyini formalaşdırmaq iddiasına sahibdir.
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri:
Hidayət Səmədov


Bir şərh yazın