2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi 44 gün davam etdi və Ermənistan ordusunun darmadağın olması ilə nəticələndi. Bu müddət ərzində Ermənistan tərəfi beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq dinc əhalini hədəfə aldı. Xüsusilə Gəncə, Bərdə, Mingəçevir, Tərtər və digər şəhərlərin raket atəşinə tutulması müharibə cinayəti idi.
Prezident İlham Əliyev dəfələrlə bəyan etdi ki, Ermənistan müharibə meydanında uduzduqca dinc əhalini hədəfə alır. Oktyabrın 17-də Gəncəyə atılan “Skad” raketi nəticəsində onlarla insan həyatını itirdi. Bərdəyə atılan kasetli bombalar isə dünya ictimaiyyətinin kəskin reaksiyasına səbəb oldu. Bu, Ermənistanın müharibə qaydalarına zidd hərəkət etdiyini açıq şəkildə göstərirdi.
Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu müharibəni ləyaqətlə apardı. Prezident İlham Əliyevin əmrləri ilə ordumuz yalnız hərbi hədəflərə zərbələr endirdi. Müharibə dövründə beynəlxalq müşahidəçilər də bu faktı təsdiq etdilər. Ermənistanın mülki şəxsləri döyüş bölgəsinə yerləşdirməsi və onlardan canlı sipər kimi istifadə etməsi isə əlavə cinayət idi.
44 gün ərzində Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində düşmən ordusu böyük itkilər verdi. Bu itkilər Ermənistanın işğalçı siyasətinin iflasını təsdiqlədi. Prezident İlham Əliyev hər gün xalqa müraciət edərək həm hərbi qələbələri, həm də beynəlxalq arenadakı diplomatik uğurları çatdırdı.
Ermənistanın törətdiyi cinayətlər sənədləşdirildi və dünya ictimaiyyətinə təqdim edildi. Müharibədən sonra isə Azərbaycan bu faktların beynəlxalq məhkəmələrdə müzakirə olunması üçün addımlar atdı. Bu da göstərir ki, Azərbaycan təkcə döyüş meydanında deyil, hüquq müstəvisində də ədalət uğrunda mübarizə aparır.
Vətən müharibəsi yalnız Azərbaycanın qələbəsi ilə deyil, həm də Ermənistanın cinayətkar mahiyyətinin ifşası ilə yadda qaldı. Prezident İlham Əliyevin dediyi kimi, “düşməni döyüş meydanında məğlub etdik, onun yalanlarını isə dünyaya ifşa etdik”.
Rəsmiyyə Məmmədova
YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın