44 günlük müharibə dövründə Ermənistan beynəlxalq hüququn normalarını kobud şəkildə pozaraq bir sıra müharibə cinayətləri törətdi. Bu cinayətlərin başlıca hədəfi Azərbaycan əhalisi və yaşayış məntəqələri oldu. Gəncə, Bərdə və Tərtərə edilən raket hücumları nəticəsində onlarla dinc sakin həlak oldu, yüzlərlə insan yaralandı. Prezident İlham Əliyev bu faktları dünyaya çatdıraraq Ermənistanın terrorçu mahiyyətini ifşa etdi.Xüsusilə, Bərdəyə atılan “Smerç” kasetli bombaları beynəlxalq humanitar hüquqa zidd idi. Çünki bu silahlar geniş ərazini əhatə edir və mülki əhali arasında çoxlu sayda itkilərə səbəb olur. Ermənistan rəhbərliyi bilərəkdən bu cinayətə imza ataraq regionda gərginliyi daha da artırdı.
Azərbaycan tərəfi isə müharibə dövründə bütün beynəlxalq öhdəliklərə sadiq qaldı. Ordumuz yalnız hərbi hədəfləri məhv etdi və mülki əhalinin təhlükəsizliyinə xüsusi diqqət yetirdi. Bu yanaşma bir daha sübut etdi ki, Azərbaycan ədalətli müharibə aparırdı.
Müharibədən sonra Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistanın cinayətlərinə hüquqi qiymət verilməsi istiqamətində addımlar atdı. Prezident İlham Əliyev dəfələrlə bəyan etdi ki, Ermənistan törətdiyi cinayətlərə görə cavab verməlidir. Bu, həm Azərbaycan xalqının haqqıdır, həm də beynəlxalq ədalətin tələbidir.
Müharibə cinayətləri təkcə raket hücumları ilə məhdudlaşmadı. Ermənilər geri çəkilərkən evləri, infrastrukturu dağıtdı, meşələri yandırdı və geniş miqyasda mina terroru həyata keçirdi. Bu isə uzun illər azad olunmuş torpaqlara qayıdışı çətinləşdirdi.
Bütün bu faktlar Ermənistanın beynəlxalq hüquqa qarşı məsuliyyətini gündəmdə saxlayır. Azərbaycanın ədalətli mövqeyi isə dünya birliyində dəstəklənir və ölkəmizin haqlı mübarizəsi tanınır.
Gülnar Qurbanova
YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın