Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti xalqımıza böyük zərbələr vurmuşdur. İşğal altında qalan torpaqlarda şəhərlərimiz, kəndlərimiz dağıdılmış, tarixi abidələrimiz məhv edilmişdir. Lakin Azərbaycan xalqı heç vaxt bu ədalətsiz vəziyyətlə barışmamışdır. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz hadisələri göstərdi ki, Azərbaycan ordusu işğalla heç vaxt razılaşmayacaq.
27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən bu müharibə dünya hərb tarixində misilsiz nümunə kimi qalacaq. Azərbaycan Ordusu həm texniki üstünlüyü, həm də döyüş ruhu ilə seçilərək düşmən üzərində qəti qələbə qazandı. 9 noyabr 2020-ci ilədək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olundu.
Müharibə gedişində Ermənistan beynəlxalq humanitar hüququ pozaraq mülki əhalini hədəfə aldı. Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə edilən raket hücumları nəticəsində yüzlərlə dinc insan həlak oldu. Ballistik raketlərdən və kasetli bombalardan istifadə müharibə cinayətləri kimi tarixə düşdü. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı mübarizəsini davam etdirərək qələbəyə inamını qorudu.
Şuşanın azad edilməsi müharibənin ən şanlı səhifələrindən biri oldu. Qədim qala şəhərində dalğalanan Azərbaycan bayrağı həm ordumuzun gücünü, həm də xalqımızın iradəsini dünyaya nümayiş etdirdi. Ermənistan ordusu məğlubiyyətini etiraf etməyə məcbur oldu və kapitulyasiya sənədinə imza atdı.
Müharibə başa çatdıqdan sonra Azərbaycan bərpa-quruculuq işlərinə başladı. İşğaldan azad olunmuş torpaqlarda yeni şəhərlər salınır, yollar çəkilir, infrastruktur bərpa edilir. Bu işlər həm dövlətin gücünü, həm də xalqın iradəsini göstərir. Məcburi köçkünlərin qayıdışı artıq reallaşmağa başlayıb.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, gücünü və yenilməzliyini bütün dünyaya sübut etdi. Bu tarixi Qələbə gələcək nəsillər üçün vətənpərvərlik dərsidir. Şəhidlərin qəhrəmanlığı və qazilərin fədakarlığı daim uca tutulacaq, Azərbaycan xalqı onların xatirəsini hər zaman yaşadacaq.
Qönçə İsmayılova
YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın