2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixində əbədi qalacaq bir hadisədir. Ermənistanın təxribatlarına cavab olaraq başlanan bu müharibə xalqımızın 30 illik həsrətinə son qoydu. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və müdrik liderliyi sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və tarixi ədaləti təmin etdi.
Müharibənin ilk günlərindən Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti və ruh yüksəkliyi nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, həmçinin strateji yüksəkliklər azad olundu. Bu uğurlar təkcə hərbi qələbə deyil, həm də xalqın birliyinin və əzminin göstəricisi idi.
8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi müharibənin taleyini həll edən ən mühüm hadisə oldu. Şuşa zəfəri Azərbaycanın milli ruhunu dirçəldən, Ermənistanı isə tam məğlubiyyət qarşısında qoyan amil idi. Prezident İlham Əliyev Şuşanın azad olunmasını xalqımıza müjdələyərək tarixi Qələbənin əsasını qoydu.10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatla müharibəyə son qoyuldu. Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasına razı oldu. Bu sənəd Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində haqqını bərpa etməsinin rəsmi təsdiqi idi.
Müharibə dövründə Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozdu. Gəncə, Bərdə, Tərtər şəhərlərinə raket hücumları nəticəsində yüzlərlə mülki şəxs həlak oldu. Prezident İlham Əliyev bu faktları dünya ictimaiyyətinə təqdim edərək Ermənistanın müharibə cinayətləri törətdiyini sübut etdi. Azərbaycan isə hərbi əməliyyatlarda yalnız hərbi hədəfləri vuraraq beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi.44 günlük müharibənin mühüm tərəflərindən biri də informasiya müharibəsi idi. Prezident İlham Əliyev müharibə günlərində dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələrlə Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı. Bu, beynəlxalq rəyin Azərbaycanın lehinə formalaşmasına ciddi təsir göstərdi.
Müharibə sonrası mərhələ də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı həyata keçirilir. Bu torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır. Məqsəd insanların təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasıdır.Lakin Ermənistanın mina terroru hələ də ciddi problem olaraq qalır. Minatəmizləmə prosesi uzun və çətin olsa da, Azərbaycan bu istiqamətdə ardıcıl işlər görür. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq təşkilatlara müraciət edərək Ermənistanın törətdiyi bu cinayətlərin qlobal gündəmdə saxlanmasının vacibliyini vurğulayıb.44 günlük müharibə Azərbaycan xalqının həmrəyliyini də nümayiş etdirdi. Ordu-xalq birliyi, Prezidentin siyasi iradəsi və əsgərlərimizin qəhrəmanlığı nəticəsində tarixi Zəfər qazanıldı. Bu Zəfər xalqımızın milli kimliyini daha da gücləndirdi və gələcək nəsillər üçün böyük örnək oldu.
44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixində Qələbə səhifəsi kimi əbədi qalacaq. Bu Qələbənin memarı Prezident İlham Əliyevdir. Onun uzaqgörən siyasəti, diplomatik və hərbi sahədə qətiyyətli addımları Azərbaycanın regionda güclü dövlət kimi mövqeyini möhkəmləndirdi və xalqımıza əbədi qürur hissi bəxş etdi.
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri


Bir şərh yazın