Azərbaycan xalqı 30 ilə yaxın işğala son qoymaq üçün daim mübarizə aparmışdır. Ermənistanın işğalçılıq və təcavüzkar siyasəti nəticəsində torpaqlarımız uzun illər düşmən tapdağı altında qalsa da, Azərbaycan dövləti heç zaman bu vəziyyətlə barışmamışdır. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı birləşmələrinin növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücuma başlamışdır. Bu əməliyyat bir millətin haqq mübarizəsinin başlanğıcı idi. Azərbaycan xalqı və dövləti göstərdi ki, ərazi bütövlüyünün bərpası yolunda sonadək mübarizə aparacaq.

44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ordumuzun gücü, döyüş ruhu və müasir texnologiyalarla təchizatı qısa müddətdə böyük uğurların əldə olunmasına səbəb oldu. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa və yüzlərlə kəndin işğaldan azad olunması bunun bariz nümunəsidir. 9 noyabr 2020-ci ilədək Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan təmizləmişdir. Bu, hərbi tariximizdə qürurla yazılan səhifələrdən biridir.

Ermənistan ordusu döyüş meydanında davam gətirə bilmədiyi üçün dinc əhalini hədəfə alaraq müharibə cinayətləri törətmişdir. Gəncə, Bərdə, Tərtər kimi şəhərlərin raket atəşinə tutulması nəticəsində yüzlərlə mülki şəxs həlak olmuş, minlərlə insan yaralanmışdır. Ballistik raketlərdən, kasetli və fosforlu bombalardan istifadə edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Bütün bu faktlar Ermənistanın terrorçu dövlət obrazını bir daha sübut etdi.

Azərbaycan xalqı Ordusunun ətrafında sıx birləşərək düşmənə qarşı möhtəşəm həmrəylik nümayiş etdirdi. Əsgər və zabitlərimizin qəhrəmanlığı, mülki əhalinin dəstəyi və Prezident İlham Əliyevin qətiyyətli siyasəti bu tarixi Qələbəni təmin etdi. Şəhidlərimizin qanı yerdə qalmadı, onların fədakarlığı ilə ərazi bütövlüyümüz bərpa olundu.

Müharibədən sonra üç rayon – Ağdam, Kəlbəcər və Laçın sülh yolu ilə Azərbaycana qaytarıldı. Beləliklə, 44 günün nəticəsi olaraq həm hərbi, həm də siyasi müstəvidə böyük uğur əldə edildi. Azərbaycanın haqlı mövqeyi beynəlxalq səviyyədə tanındı. Ermənistan kapitulyasiya aktına imza ataraq işğal siyasətinə son qoydu.

Bu gün işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri aparılır. Dövlətimizin gücü ilə həm şəhərlərimiz yenidən dirçəlir, həm də mina təhlükəsinin aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür. Tarixi Zəfərimiz Azərbaycan xalqının iradəsinin, milli birliyinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi daim xatırlanacaq.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.