Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı qələbənin əsas səbəblərindən biri Prezident İlham Əliyevin güclü liderliyi oldu. Müharibədən əvvəl uzun illər ərzində ölkədə güclü ordu quruculuğu həyata keçirilmişdi. Müasir silahlarla təchizat, yüksək döyüş hazırlığı və peşəkar kadr potensialı Ali Baş Komandanın uzaqgörən siyasətinin nəticəsi idi.
Müharibə dövründə Prezident İlham Əliyevin həm xalqla, həm də ordu ilə mütəmadi əlaqəsi xüsusi rol oynadı. O, hər gün xalqa müraciət edərək yeni qələbələri elan edir, beynəlxalq mediaya verdiyi müsahibələrlə Azərbaycanın haqq səsini dünyaya çatdırırdı. Bu çıxışlar xalqın ruh yüksəkliyini daha da artırırdı.
Xüsusilə Şuşa əməliyyatı Ali Baş Komandanın strateji düşüncə tərzinin və ordunun peşəkarlığının təntənəsi idi. 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində bu qələbəni milli tariximizin ən böyük Zəfərlərindən biri adlandırdı.
Onun müharibə boyu apardığı diplomatik fəaliyyət də diqqətəlayiq idi. Ermənistan tərəfinin dezinformasiyalarına cavab olaraq, Prezident İlham Əliyev dünya mediasına müsahibələr verərək faktları açıqladı. Bu, Azərbaycanın informasiya üstünlüyünü təmin etdi və beynəlxalq ictimaiyyətin ədalətli mövqeyinə təsir göstərdi.
44 günün sonunda Azərbaycan ordusu Ermənistanı məğlub etməklə bərabər, regionda yeni reallıqlar yaratdı. Prezident İlham Əliyev 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla Ermənistanı kapitulyasiyaya məcbur etdi. Bu, Azərbaycanın siyasi və hərbi qələbəsinin rəsmi təsdiqi oldu.
Beləliklə, Vətən müharibəsində əldə olunan tarixi Zəfərin arxasında Prezident İlham Əliyevin liderliyi, dəmir iradəsi və milli maraqlara sadiqliyi dayanır. Onun rəhbərliyi ilə Azərbaycan xalqı əsrlər boyu gözlədiyi qələbəni qazandı və ədaləti bərpa etdi.
YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri :
Könül Hüseynova


Bir şərh yazın