Azərbaycanın yeni tarixi 27 sentyabr 2020-ci ildən başlayır. Ermənistan ordusu həmin gün atəşkəsi kobud şəkildə pozaraq cəbhə boyunca təxribatlara əl atdı. Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirildi, yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Nəticədə dinc sakinlər arasında ölənlər və yaralananlar oldu. Buna cavab olaraq Ali Baş Komandan İlham Əliyev Ordumuza əks-hücum əmri verdi. Bu qərar Azərbaycanın haqq mübarizəsinin başlanğıcı idi.

Azərbaycan Ordusu qısa müddətdə güclü zərbələrlə düşmən müdafiəsini yararaq irəlilədi. İlk olaraq Cəbrayıl və Füzuli istiqamətlərində uğurlar əldə olundu. Ardınca Zəngilan, Qubadlı və Hadrut azad edildi. Şuşanın azad olunması isə müharibənin taleyini həll edən əsas döyüş oldu. Qədim Şuşa qalasında üçrəngli bayrağımızın dalğalanması xalqımızın illərdir gözlədiyi an idi.

Müharibə gedişində Ermənistan beynəlxalq hüququ pozaraq mülki şəxsləri hədəfə aldı. Gəncə və Bərdəyə raket hücumları nəticəsində onlarla insan həyatını itirdi, yüzlərlə mülki şəxs yaralandı. Bu faktlar bir daha göstərdi ki, Ermənistan yalnız döyüş meydanında deyil, beynəlxalq hüquq qarşısında da məğlub olmuşdur. Bu cinayətlər dünya ictimaiyyəti tərəfindən qınanmalı idi.

44 gün ərzində Azərbaycan xalqı misilsiz birlik nümayiş etdirdi. Hər kəs Vətən müharibəsinin ön və arxa cəbhəsində öz payını verdi. Şəhidlərimiz qəhrəmanlıq simvoluna çevrildi, qazilərimiz xalqın qürur mənbəyi oldu. Prezident İlham Əliyev hər çıxışında şəhid ailələrinə və qazilərə dövlətin dəstəyini vurğuladı. Bu gün həmin qayğı ardıcıl şəkildə davam etdirilir.

Müharibənin nəticəsi olaraq Ermənistan kapitulyasiya sənədinə imza atdı. 10 noyabr 2020-ci ildə imzalanmış bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarıldı. Bununla da 30 ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və tarixi ədaləti təmin etdi.

Bu gün işğaldan azad olunmuş torpaqlarda yeni həyat başlayır. Bərpa və quruculuq işləri aparılır, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün şərait yaradılır. Azərbaycanın Zəfəri təkcə hərbi qələbə deyil, həm də gələcəyə inamın, milli həmrəyliyin və dövlətçilik iradəsinin parlaq təcəssümüdür.

Aynurə Məlikova

YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.