Azərbaycan xalqı əsrlər boyu azadlıq və müstəqillik uğrunda mübarizə aparıb. Qarabağın işğalı bu mübarizənin ən ağrılı səhifələrindən biri idi. Lakin dövlətimizin müdrik siyasəti, ordumuzun gücü və xalqımızın iradəsi nəticəsində bu ağrılı tarix sona çatdı. 2020-ci ildəki zəfərdən sonra 2023-cü ilin antiterror əməliyyatı isə suverenliyin tam bərpasını təmin etdi.
Əhmədbəyli–Füzuli–Şuşa yolunda mina partlayışı, mülki və hərbi şəxslərin şəhid olması Azərbaycan xalqını dərindən sarsıtdı. Amma bu hadisə həm də birləşdirici amil oldu. Xalq dövlətin atacağı addımları dəstəklədi, ordunun yanında olduğunu bir daha nümayiş etdirdi. Bu, milli həmrəyliyin bariz nümunəsi idi.Antiterror əməliyyatı başladıqda xalq ordunun uğurlarını böyük fəxrlə izləyirdi. Hər kəs əsgərlərimizin qəhrəmanlığına heyranlıqla tamaşa edirdi. Prezident İlham Əliyevin xalqa müraciətləri isə həmrəyliyi daha da gücləndirdi. Onun “Azərbaycan dövləti bu gün bütün ərazilərinə tam nəzarət edir” sözləri xalqın qəlbində inam yaratdı.
Əməliyyat zamanı Azərbaycan əsgərləri çətin relyefdə, uzun illərdən bəri möhkəmləndirilmiş mövqelərdə irəlilədilər. Onların göstərdiyi şücaət bir daha sübut etdi ki, xalqımızın iradəsini heç kim sındıra bilməz. Bu, ordunun gücünün və xalqın dəmir yumruq kimi birliyinin təzahürü idi.Bir gün ərzində əldə olunan nəticələr xalqın sevincinə səbəb oldu. Bayrağımızın Xankəndidə, Xocalıda, Xocavənddə və digər ərazilərdə ucaldılması hər bir azərbaycanlı üçün qürur anı idi. Bu, uzun illər arzuladığımız tarixi ədalətin təntənəsi idi.
Prezident İlham Əliyev xalqa müraciətində şəhidlərimizin xatirəsini ehtiramla yad etdi. O bildirdi ki, bu zəfərlər şəhidlərimizin qanı bahasına qazanılıb. Bu sözlər xalqın yaddaşında silinməz iz qoydu. Çünki hər bir qələbə arxasında böyük fədakarlıq daşıyır.20 sentyabr Dövlət Suverenliyi Günü xalqımızın həmrəyliyinin simvoluna çevrildi. Bu gün yalnız dövlətin gücünü deyil, həm də millətin birliyini əks etdirir. Azərbaycan xalqı bu günlə fəxr edir və gələcəyə inamla baxır.
Elçin Dadaşov
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın