2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi 44 gün davam etdi və Azərbaycan böyük zəfərlə çıxdı. Lakin bu zəfərin tam nəticəsi 2023-cü ilin antiterror əməliyyatı ilə əldə olundu. Cəmi 23 saat davam edən əməliyyat Qarabağda separatçılığa son qoydu və dövlətimizin suverenliyini tam təmin etdi.
Əməliyyatın başlanmasına səbəb düşmənin terror aktları və ardıcıl təxribatları oldu. Mülki şəxslərin və hərbi qulluqçuların həlak olması dövlətimizi qəti addım atmağa vadar etdi. Prezident İlham Əliyevin qətiyyətli qərarı ilə əməliyyat başladı və qısa müddətdə böyük nəticələr əldə edildi.Azərbaycan Ordusu dəqiqliklə planlaşdırılmış əməliyyat həyata keçirdi. Hərbi hava qüvvələri, artilleriya və quru qoşunları arasında qarşılıqlı əlaqə yüksək səviyyədə təmin olundu. Bu, qısa müddətdə düşmənin müqavimətini sındırdı.
Əməliyyat zamanı yüzlərlə hərbi texnika məhv edildi, onlarla mövqe və strateji yüksəklik ordumuzun nəzarətinə keçdi. Separatçı rejim isə məcburiyyət qarşısında təslim oldu. Bu, Ermənistanın regiondakı hərbi-siyasi təsirinə ağır zərbə idi.Prezident İlham Əliyev xalqa müraciətində dedi: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün çəkdi. Azərbaycan Ordusu qəhrəmanlıq göstərərək bütün strateji yerlərə çıxaraq əməliyyatın taleyini həll etdi.” Bu, dövlətimizin hərbi gücünün təqdimatı idi.
Əməliyyatın qısa müddətdə başa çatması xalqın sevincinə səbəb oldu. Bayrağımız Xankəndidə, Xocalıda və digər şəhərlərdə dalğalanmağa başladı. Bu, 44 günün davamı kimi yeni bir tarixi mərhələnin başlanğıcı oldu.20 sentyabr 2023-cü il Azərbaycanın tarixi qələbələrinin zirvələrindən biri oldu. Bu gün Dövlət Suverenliyi Günü kimi qeyd olunur və xalqımız üçün milli qürur mənbəyinə çevrilib.
Elmira Əliyeva
YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın