Azərbaycan uzun illər ərzində Qarabağ məsələsini danışıqlar yolu ilə həll etməyə çalışdı. Dövlət rəhbərliyi bütün beynəlxalq platformalarda işğal faktını qabardır, ədalətli mövqeyimizi beynəlxalq ictimaiyyətə çatdırırdı. Lakin Ermənistan bu prosesdə səmimi davranmır, imitasiya xarakterli danışıqlarla vaxt qazanmağa çalışırdı. Bu, həm Azərbaycan xalqında, həm də beynəlxalq ictimaiyyətdə narazılıq yaradırdı. Nəticədə, diplomatiya ilə yanaşı, hərbi yolla da haqqın bərpa olunması qaçılmaz idi.
2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın qətiyyətinin göstəricisi oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni darmadağın etdi. Şuşanın azad edilməsi bu müharibənin zirvəsi, zəfərin simvolu oldu. Prezidentin “Şuşasız bizim işimiz yarımçıq qalardı” sözləri hər bir azərbaycanlının qəlbində əks-səda doğurdu. Bu qələbə təkcə ərazilərimizi azad etmədi, həm də milli qürurumuzu qaytardı.
Müharibədən sonra Azərbaycan dəfələrlə sülhə çağırış etdi. İlham Əliyev dəfələrlə bəyan etdi ki, Azərbaycan regionda uzunmüddətli sülhün tərəfdarıdır. Lakin Ermənistan revanşist qüvvələrin təsiri altında yenidən təxribatlara əl atdı. 2021-ci və 2022-ci illərdə sərhəd bölgələrində qanlı toqquşmalar bunun bariz nümunəsi idi. Azərbaycan xalqı bütün bu hadisələrdə dövlətin yanında dayanaraq həmrəyliyini göstərdi.
2023-cü ilin sentyabrında isə vəziyyət dözülməz həddə çatdı. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərinə minalar yerləşdirməklə, mülki və hərbi şəxslərin ölümünə səbəb oldu. Əhmədbəyli–Füzuli–Şuşa yolunda baş verən partlayış son damla oldu. Dövlət rəhbərliyi dərhal qəti addım ataraq lokal xarakterli antiterror tədbirlərinə start verdi.
Əməliyyatın məqsədi mülki əhalini qorumaq və separatçı silahlı dəstələrin fəaliyyətini tamamilə dayandırmaq idi. Prezident İlham Əliyev də bildirdi ki, Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri məhv edir, mülki əhaliyə zərər vurulmur. Qısa müddətdə yüzlərlə hərbi obyekt sıradan çıxarıldı, düşmən müqavimət göstərə bilmədi. Bu, Azərbaycan ordusunun gücünü bir daha nümayiş etdirdi.
23 saat 43 dəqiqə ərzində düşmən ağ bayraq qaldırmağa məcbur oldu. Qarabağdakı separatçı rejimin rəhbərləri də təslim olmaq məcburiyyətində qaldılar. Prezidentin xalqa müraciətində dediyi kimi: “Biz kriminal rejimin ünsürlərini məsuliyyətə cəlb edəcəyik və artıq etmişik.” Bu bəyanat dövlətimizin prinsipial mövqeyini bir daha nümayiş etdirdi.Nəticədə, 20 sentyabr 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa etdi. Dövlət Bayrağımız Xankəndidə, Xocalıda və digər şəhərlərdə dalğalandı. Bu gün “Dövlət Suverenliyi Günü” kimi tariximizə düşdü. Xalqımızın birliyi, ordumuzun gücü və Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi.
YAP Şuşa rayon təşkilatının saylı ərazi partiya təşkilatının sədri
Nizami Şahvələdov


Bir şərh yazın