Azərbaycanın Qarabağda apardığı mübarizə hər zaman beynəlxalq hüquqa əsaslanırdı. BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər beynəlxalq sənədlər Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyirdi. Lakin Ermənistan uzun illər bu qərarları icra etmədi. 2023-cü ilin antiterror əməliyyatı ilə Azərbaycan beynəlxalq hüququn bərqərar olmasını təmin etdi.
Əməliyyatın başlanmasına səbəb Ermənistanın törətdiyi terror aktları oldu. Əhmədbəyli–Füzuli–Şuşa yolunda baş verən mina partlayışları mülki şəxslərin və hərbçilərin şəhid olması ilə nəticələndi. Bu, Azərbaycanın konstitusiya və beynəlxalq hüquq normalarına əsaslanaraq qəti addım atmasına səbəb oldu.
Azərbaycan Ordusu əməliyyatı peşəkarcasına icra etdi. Yalnız legitim hərbi hədəflər məhv edildi, mülki əhali qorundu. Humanitar dəhlizlər açıldı, təxliyə imkanları yaradıldı. Bu, Azərbaycanın beynəlxalq humanitar hüquqa hörmətlə yanaşmasının bariz nümunəsi idi.Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, “Azərbaycan dövləti öz ərazilərində suverenliyi tam təmin etdi.” Bu, həm daxili, həm də beynəlxalq miqyasda güclü siyasi mesaj idi. Çünki dövlətimizin atdığı addımlar tamamilə hüquqi əsaslara söykənirdi.
Əməliyyat nəticəsində yüzlərlə hərbi texnika, onlarla mövqe və strateji yüksəklik ordumuzun nəzarətinə keçdi. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Qondarma rejim isə öz mövcudluğunu dayandırmağa məcbur qaldı.Bu hadisələr göstərdi ki, beynəlxalq hüququn bərpası üçün yalnız siyasi iradə deyil, həm də hərbi güc lazımdır. Azərbaycan bu gücü nümayiş etdirdi və nəticə etibarilə həm ərazi bütövlüyünü, həm də beynəlxalq hüququ təmin etdi.20 sentyabr Dövlət Suverenliyi Günü bu baxımdan təkcə milli deyil, həm də beynəlxalq əhəmiyyət daşıyır. Çünki bu gün ədalətin və beynəlxalq hüququn qələbəsi kimi tarixə düşdü.
Rəsmiyyə Məmmədova
YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın