Azərbaycanın 2023-cü ilin 19–20 sentyabrında keçirdiyi antiterror əməliyyatı təkcə hərbi uğur deyil, həm də regionda yeni siyasi reallığın formalaşması idi. Bir gün ərzində əldə edilən nəticə göstərdi ki, Azərbaycan dövləti öz suverenliyini təmin etmək üçün bütün imkanlara malikdir. Əməliyyatla həm təhlükəsizlik bərpa olundu, həm də separatçıların fəaliyyətinə son qoyuldu.
Əməliyyatın başlanmasına səbəb Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktları oldu. Əhmədbəyli–Füzuli–Şuşa yolunda quraşdırılan minalar mülki şəxslərin və hərbçilərin həyatına son qoydu. Bu, sadəcə bir hadisə deyildi, Ermənistanın illərlə həyata keçirdiyi məqsədyönlü siyasətin davamı idi. Dövlət rəhbərliyi bu vəziyyətin artıq dözülməz olduğunu bəyan etdi.
Azərbaycan Ordusu qətiyyətli şəkildə hərəkət edərək qısa zamanda strateji mövqeləri ələ keçirdi. Ordumuz düşmənin on illər boyu yaratdığı istehkamları darmadağın etdi. Çətin relyef, əlverişli yüksəkliklərdə qurulan müdafiə xətləri belə Azərbaycan əsgərinin iradəsini dayandıra bilmədi. Prezident İlham Əliyevin dediyi kimi: “Bizim əsgərlərimiz qəhrəmanlıq göstərərək bir gün ərzində əməliyyatın taleyini həll etdilər.”Əməliyyatın humanitar tərəfi də diqqət çəkdi. Azərbaycan yalnız legitim hərbi hədəfləri vurdu, mülki əhali üçün dəhlizlər yaradıldı. Bu, beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirildi. Azərbaycanın həm güc, həm də humanizm nümayiş etdirməsi ölkəmizin nüfuzunu daha da artırdı.
Düşmən qısa müddətdə müqavimət göstərə bilmədi. Yüzlərlə texnika, onlarla tank və artilleriya qurğusu məhv edildi. Separatçılar məcburiyyət qarşısında ağ bayraq qaldırdılar. Bu, Ermənistanın regiondakı təsir imkanlarının sıfıra enməsi demək idi.Prezident İlham Əliyev xalqa müraciətində bu əməliyyatın nəticələrini yüksək qiymətləndirdi. O vurğuladı ki, separatçılığa birdəfəlik son qoyuldu və Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu, dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı oldu.
Nəticədə, 20 sentyabr Dövlət Suverenliyi Günü kimi tarixə düşdü. Azərbaycan xalqı bu günü qürurla qeyd edir. Çünki bu gün ölkəmizin gücünün, xalqımızın birliyinin və dövlət başçısının qətiyyətinin simvoludur.
Anar Əlizadə
YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın