Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı Azərbaycan tarixində yeni bir mərhələ açdı. Hər il 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması dövlətçilik tariximizin qürur səhifəsidir. Bu qərar xalqımızın iradəsinin, mübarizəsinin və möhtəşəm Zəfərinin təcəssümüdür.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə uzun illər işğal altında qalıb, viran edilmişdi. Lakin bu gün həmin şəhərlər dirçəliş yaşayır. Dövlət Suverenliyi Günü onların tarixə yeni, şərəfli bir adımla yazılmasının rəmzi oldu.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu şəhərlərdə Azərbaycan bayrağını ucaltdı. Bu tarixi hadisə yalnız bir rəmz deyildi – bu, Azərbaycan xalqının suverenliyini öz ərazisində tam bərpa etməsinin elanıdır.20 sentyabrın qeyd edilməsi həm də Böyük Qayıdış Proqramının ruhuna uyğun gəlir. Çünki bu günün mahiyyətində qələbənin təsdiqi ilə yanaşı, soydaşlarımızın doğma yurdlarına dönməsi, orada yeni həyat qurması dayanır.
Azərbaycan dövlət başçısının dediyi kimi, “Necə ki, müharibədə döyüşmüşük, eləcə də sülh şəraitində qurub-yaradırıq.” Bu gün Qarabağ və Zəngəzurda aparılan işlər dünyada nadir görünən quruculuq nümunəsidir.Xankəndidə keçirilən beynəlxalq tədbirlər, Qarabağ Universitetinin yaradılması, mədəni və idman həyatının canlanması göstərir ki, bu torpaqlar artıq regionun inkişaf mərkəzinə çevrilməkdədir. Dövlət Suverenliyi Günü isə bütün bu proseslərin ideoloji dayağıdır.
Hər il qeyd olunacaq bu gün həm tariximizə hörmətin, həm də gələcəyimizə inamın ifadəsidir. Xankəndidən ucalan mesaj bütün Azərbaycana yayılır: suverenlik əbədidir, bayraq isə daim zirvədə olacaq.
Rəsmiyyə Məmmədova
YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın