44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şərəf tarixində əbədi iz qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, igid Ordumuzun qəhrəmanlığı nəticəsində işğal altındakı torpaqlarımız azad edildi. Bu Qələbə yalnız hərbi uğur deyildi, həm də tarixi ədalətin bərpası idi.Əslində, müharibəyə ehtiyac olmaya bilərdi. Əgər Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etsəydi, işğala son qoysaydı, regionda sülh və əməkdaşlıq mümkün olardı. Lakin düşmən geri çəkilmədi, yeni silahlar əldə etməklə, təxribatlarla sülhə mane oldu. Azərbaycan isə haqq işini döyüş meydanında həll etməli oldu.

2020-ci il noyabrın 10-da imzalanan kapitulyasiya aktı Ermənistanın məğlubiyyətini təsdiqlədi. Amma üçtərəfli Bəyanata baxmayaraq, Qarabağda minlərlə erməni silahlısı qalmaqda idi. Azərbaycan diplomatik yolla problemin həllinə səy göstərdi, lakin Ermənistan buna cavab olaraq təxribatlarını daha da artırdı.2022-ci ilin sentyabrında sərhəddə baş verən toqquşmalar, 2023-cü ilin yazında Şuşa istiqamətində törədilən hücumlar vəziyyəti dözülməz etdi. Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən isə ərazi iddialarından əl çəkmirdi. Belə şəraitdə 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror əməliyyatı qaçılmaz idi.Bu əməliyyat cəmi bir neçə saat ərzində Ermənistan ordusunun 15 minlik ekspedisiya korpusunu iflic vəziyyətə saldı. Separatçı rejim süqut etdi, Azərbaycan ərazisində qanunsuz silahlı dəstələr tam tərksilah olundu. Dövlət suverenliyi tam bərpa edildi, Qarabağda bayrağımız ucaldı.

Əməliyyat zamanı Azərbaycan beynəlxalq humanitar hüququn prinsiplərinə sadiq qaldı. Mülki əhalinin təhlükəsizliyi təmin olundu, qadınlar, uşaqlar və qocalar qorundu. Bu, həm də dünyaya mesaj idi: Azərbaycan güclü ordusunu humanizm prinsipləri ilə idarə edir.

Zəfərdən sonra qarşıda yeni mərhələ – bərpa və Böyük Qayıdış dövrü başladı. Azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır, müasir şəhərlər və kəndlər salınır. Ağalı kəndindən başlayan köç prosesi bu gün artıq Laçın, Füzuli, Kəlbəcər və digər bölgələrdə də davam edir.

Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri ilə həm görülən işlərə rəhbərlik edir, həm də sakinlərlə görüşərək onların sevincini bölüşür. Bu gün Qarabağ dirçəlir, həyat yenidən doğulur. Azərbaycan xalqı əminliklə deyir: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Leyla Babışova

YAP Şuşa rayon təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.