Tarixi irs, yeni reallıq və perspektivlər

Qarabağ Azərbaycan tarixində yalnız siyasi və iqtisadi aspektləri ilə deyil, həmçinin elm, təhsil və maarifçilik ənənələri ilə də ön plana çıxır. Orta əsrlərdən etibarən bölgədə ərəb və fars dillərində tədris aparılan məscid və mədrəsələr fəaliyyət göstərmiş, XVIII əsrdə isə dini və elmi biliklərin tədrisi ilə seçilən bu təhsil ocaqları regionu aparıcı elm və təhsil mərkəzlərindən birinə çevirmişdir.

XIX əsrin birinci yarısında Qarabağda yeni tipli dünyəvi məktəblərin və qəza (əyalət) məktəbinin təsis edilməsi sonrakı onilliklərdə inkişaf edəcək maarifçilik hərəkatı üçün dayanıqlı zəmin yaratmışdır. XX əsrdə Sovet Azərbaycanında tətbiq edilən yeni təhsil sistemi nəticəsində kütləvi savadlanma prosesi geniş vüsət almış, məktəb şəbəkəsi əhəmiyyətli dərəcədə güclənmiş, Xankəndi Pedaqoji İnstitutu, müxtəlif peşə məktəbləri və texnikumlar fəaliyyətə başlamışdır. Bu amillər Qarabağda ziyalı təbəqəsinin formalaşmasına, eləcə də maarifçilik ideyalarının güclənməsinə bilavasitə təsir göstərmişdir. XX əsrin sonlarında müstəqilliyimizin bərpası prosesində Qarabağ ziyalılarının və maarifçilik ənənələrinin rolu xüsusi qeyd olunmalıdır. Bununla belə, Ermənistanın hərbi təcavüzü nəticəsində baş vermiş işğal Qarabağda digər sahələr kimi, elm və təhsildə də 30 illik sükuta səbəb olmuşdur.

2020-ci ildə Müzəffər Ali Baş Komandan rəhbərliyində şanlı Azərbaycan Ordusunun qazandığı tarixi zəfər nəticəsində regionda yeni inkişaf mərhələsi başlamışdır. Bu mərhələnin elm və təhsil sahəsindəki ən mühüm təzahürlərindən biri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılmış Qarabağ Universitetinin fəaliyyətə başlamasıdır. 1969-cu ildə Xankəndi şəhərində yaradılmış Azərbaycan Pedoqoji İnstitutunun binasında fəaliyyət göstərərək elm və təhsil ənənələrimizin müasir çağrışlarla uğurlu sintezini təmin edən Universitet qısa müddət ərzində yalnız milli deyil, həm də regional miqyasda diqqət çəkən müəssisəyə çevrilmişdir.

Əsas strateji missiyası regionun sosial-iqtisadi inkişafı üçün yüksəkixtisaslı kadrların hazırlanması və Qarabağın elm və təhsil ənənələrinin davam etdirilməsi olan Universitet müasir infrastruktur, güclü inzibati və pedaqoji potensial, sağlam və innovativ akademik mühit kimi müsbət cəhətləri ilə fərq yaratmaqdadır. Tələbələrin yataqxana, təqaüd və digər sosial təminatlarla əhatə olunması, dinamik tələbə həyatı, innovasiya əsaslı keyfiyyətli təhsil və beynəlxalq layihələrdə iştirak imkanları Universitetin rəqabət qabiliyyətini artıran mühüm faktorlar kimi dəyərləndirilə bilər.

Eyni zamanda, Qarabağ Universitetində Klinika, Azıx arxeoloji tədqiqat və analiz laboratoriyası, Beynəlxalq Dil Mərkəzi, Mükəmməllik Mərkəzi, “Sağlam həyat” mərkəzi və digər struktur bölmələrin yaradılması ali təhsil müəssisəsinin çoxşaxəli inkişaf istiqamətlərini nümayiş etdirir. Beynəlxalq layihə və proqramlarda iştirak, eləcə də müxtəlif statuslu beynəlxalq qonaqların Universitetə səfərləri qlobal elmi məkana inteqrasiya və şəbəkələşməni gücləndirən əsas amillərdəndir.

Qarabağ Universiteti qısa müddəti əhatə edən səmərəli fəaliyyəti ilə Azərbaycanın elm və təhsil sistemində keyfiyyətcə yeni müstəvini formalaşdırmaqla yanaşı, ölkənin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşmasına da mühüm töhfə verəcəkdir. “Böyük Qayıdış” proqramı ilə paralel addımlayan Universitet müasir elm və innovativ təhsil mərkəzi olmaqla yanaşı, Qarabağın və Azərbaycanın tarixi irsinin, regionda yaranmış yeni reallıqlar və gələcək perspektivlərin beynəlxalq elmi ictimaiyyətə təqdimatında da strateji rol oynayacaqdır.

YAP Şuşa rayon təşkilatının 44 saylı ərazi partiya təşkilatının sədri :

Ülvi Həsənzadə


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.