2024-cü ilin 18 sentyabrında Prezident İlham Əliyev tarixi bir qərar imzaladı. Sərəncama əsasən, hər il 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək. Bu addım dövlət suverenliyimizin bərpasını rəsmi şəkildə bayrama çevirdi.
Bu günün təsis olunması 30 illik işğalın bitməsinin, 44 günlük müharibədəki qələbənin və 2023-cü ilin antiterror tədbirlərinin məntiqi nəticəsidir. Azərbaycan xalqı uzun illərin həsrətinə son qoyaraq tarixi ədaləti bərpa etdi.Xankəndidə dalğalanan üçrəngli bayraq Azərbaycan dövlətinin ən böyük uğurunun təntənəsidir. Prezident İlham Əliyevin tarixi sözləri xalqın yaddaşında əbədi qalacaq: “Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq.”
Dövlət Suverenliyi Günü həm də Böyük Qayıdışın simvoludur. Azad edilmiş torpaqlarda infrastrukturun bərpası, yeni evlərin tikilməsi, sosial obyektlərin istifadəyə verilməsi qayıdış prosesini daha da sürətləndirir.
Qarabağ Universitetinin yaranması, beynəlxalq tədbirlərin keçirilməsi və idmanın bölgəyə dönüşü 20 sentyabrın yalnız siyasi deyil, həm də ictimai-mədəni əhəmiyyətini göstərir.
Bu günün qeyd edilməsi xalqın həmrəyliyini möhkəmləndirir, dövlətin gücünü nümayiş etdirir və gələcək nəsillərə örnək olur.
20 sentyabr artıq Azərbaycanın dövlətçilik tarixində ən mühüm günlərdən biri kimi yaşayır və yaşayacaq. Bu gün suverenliyin, qələbənin və milli birliyin əbədi rəmzidir.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın