Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına verdiyi və 26 avqust 2025-ci il tarixində yayımlanan müsahibəsində ölkəmizin beynəlxalq sistemdəki mövqeyi, həyata keçirilən uğurlu xarici siyasət və regional gündəmin əsas məsələləri barədə əhatəli açıqlamalar verdi. Dövlət başçısı suallara dolğun cavabları ilə həm mövcud real vəziyyəti, həm də Azərbaycanın uzunmüddətli strateji baxışını auditoriyaya təqdim etdi.
Prezident İlham Əliyev Vaşinqtonda Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri tərəfindən paraflanan sənədin mahiyyətinə toxunaraq bunun 30 ildən artıq davam etmiş müharibəyə son qoyduğunu vurğuladı. O, razılaşmanın məzmununun Azərbaycanın ədalətli mövqeyi üzərində qurulduğunu, sənədin sülhə aparan yolun birinci addımı kimi Cənubi Qafqazla yanaşı Mərkəzi Asiya və Yaxın Şərq üçün də yeni imkanlar açdığını qeyd etdi.
Müsahibədə sülh prosesinin davamı, Zəngəzur dəhlizinin reallaşması, eləcə də Azərbaycan-İran və Azərbaycan-Rusiya münasibətlərinin praqmatik çərçivəsi barədə konkret məqamlar önə çəkildi. Dövlət başçısı, həmçinin Türk Dövlətləri Təşkilatı xətti ilə əməkdaşlığın gücləndirilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi və regional inteqrasiyanın dərinləşdirilməsi istiqamətində Azərbaycanın prioritetlərini aydın şəkildə ifadə etdi.
Qlobal geosiyasi mühitin mürəkkəbləşdiyi bir vaxtda Prezident İlham Əliyev Azərbaycanın son illərdə atdığı ardıcıl addımların ölkəmizin beynəlxalq nüfuzunu artırdığını diqqətə çatdırdı. O, xarici siyasətdə əsas prinsipin qarşılıqlı maraqlara söykənən əməkdaşlıq, suverenlik və təhlükəsizliyin təminatı olduğunu, bu xəttin iqtisadi dayanıqlıq və hərbi-siyasi sabitliklə tamamlandığını bildirdi.
Müsahibənin ümumi xətti Azərbaycanın regionda sülhün və əməkdaşlığın əsas təşəbbüskarı olduğunu bir daha nümayiş etdirdi: münaqişələr mərhələsi geridə qalır, qarşıda sabitlik və ortaq rifah üçün yeni pəncərə açılır. Prezident İlham Əliyevin mesajları həm regional, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan aydın çağırışdır: Azərbaycanın siyasəti mahiyyət etibarilə sülhə, qarşılıqlı etimada və əməkdaşlıq vasitəsilə real nəticələr əldə etməyə yönəlib.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın