Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfəri çərçivəsində Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla bir sıra görüşlər keçirib. Görüşlərdə həm ikitərəfli münasibətlər, həm də regional əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Dövlət başçısı çıxışında Azərbaycan və Türkmənistan xalqlarının tarixi yaxınlığını, ortaq mədəniyyət və ənənələrini xatırladaraq bu münasibətlərin gələcək inkişafının əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Avaza şəhərində gördüyü inkişafı xüsusi qeyd edib. Onun sözlərinə görə, burada aparılan yenidənqurma işləri Türkmənistanın ümumi tərəqqisini əks etdirir. O bildirib ki, üç il əvvəl gördüyü mənzərə ilə müqayisədə şəhər daha da gözəlləşib və müasir infrastruktur layihələri ilə seçilir.
İkitərəfli danışıqlarda əsas mövzulardan biri nəqliyyat əlaqələrinin inkişafı olub. Şərq-Qərb nəqliyyat dəhlizinin hər iki ölkənin ərazisindən keçməsi regional əməkdaşlıq üçün mühüm imkanlar yaradır. Həm Azərbaycanda, həm də Türkmənistanda yaradılmış müasir nəqliyyat infrastrukturu bu dəhlizin daha da güclənməsinə xidmət edəcək.
Səfər çərçivəsində keçirilən Türkmənistan-Azərbaycan-Özbəkistan formatlı üçtərəfli görüş isə xüsusi əhəmiyyət kəsb etdi. Toplantıda tərəflər Orta Dəhlizin genişləndirilməsi, limanların modernləşdirilməsi və dəmir yolu xətlərinin inkişafı ilə bağlı məsələləri müzakirə etdilər. İlham Əliyev bu əməkdaşlığın yalnız iştirakçı ölkələrə deyil, bütün regiona fayda gətirəcəyini vurğuladı.
Nəticədə imzalanan sənədlər və qəbul edilən birgə bəyanat ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə Türkmənistanın Füzulidə məscid inşa etməsi və Arxadağ-Füzuli qardaşlaşma sənədinin imzalanması qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirildi. Bu addımlar xalqlarımızı birləşdirən tarixi dostluğun möhkəmlənməsinə xidmət edir.
Rəsmiyyə Məmmədova
YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın