Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə xüsusi önəm verir. Çünki həmin ölkələr təkcə siyasi baxımdan deyil, həm də iqtisadi potensiallarına görə sürətlə inkişaf edir, ixracyönümlü məhsullar istehsal edir və xarici bazarlara çıxış yolları axtarırlar. Bu kontekstdə Xəzər dənizi üzərindən keçən marşrutlar həyati əhəmiyyət kəsb edir. Azərbaycan isə vaxtında gördüyü işlərlə bu sahədə üstün mövqeyə sahibdir. Artıq Ələt Dəniz Ticarət Limanı, müasir gəmiqayırma zavodu və Xəzərdə ən böyük ticarət donanması ölkəmizi mühüm tranzit mərkəzə çevirib.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəqliyyat islahatları Azərbaycanın tranzit imkanlarını daha da artırıb. Ələt limanının imkanlarının genişləndirilməsi, dəmir yolu və avtomobil magistrallarının müasirləşdirilməsi, beynəlxalq hava limanlarının inşası Şərqlə Qərb arasında daşımaların etibarlı şəkildə həyata keçirilməsinə şərait yaradır. Bu infrastruktur təkcə Azərbaycan üçün deyil, həm də Mərkəzi Asiya ölkələri üçün qlobal bazarlara açılan etibarlı körpü rolunu oynayır.
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı səfərlərin intensivləşməsi bu əməkdaşlığa əlavə dinamizm qatır. Təkcə son 2-3 ildə Prezident İlham Əliyevin region ölkələrinə etdiyi səfərlər, eləcə də həmin dövlətlərin liderlərinin Bakıya səfərləri siyasi dialoqu daha da gücləndirib. Hər görüş zamanı imzalanan yeni sənədlər əməkdaşlığın davamlı və uzunmüddətli olmasına zəmanət verir.
Türkmənistana edilən son işgüzar səfər də bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Görüşlərdə Azərbaycan və Türkmənistanın nəqliyyat imkanlarının birləşdirilməsi, Şərq-Qərb dəhlizinin daha səmərəli şəkildə istifadəsi müzakirə olunub. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, bu istiqamətdə səylərin birləşdirilməsi təkcə iki ölkəyə deyil, bütün Avrasiya məkanına fayda gətirəcək.
Bu gün Azərbaycan, Türkmənistan və Özbəkistanın birgə imzaladığı nəqliyyat-logistika memorandumu isə gələcəyin yol xəritəsi rolunu oynayır. Artıq ölkələrimiz Avropanı Uzaq Şərqlə birləşdirən əsas dəhlizin aparıcı oyunçularıdır və yaxın illərdə bu rol daha da güclənəcək.
Elmira Əliyeva
YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın