Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri türk dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsidir. Xüsusilə son illərdə bu sahədə aparılan işlər, həyata keçirilən qarşılıqlı səfərlər ölkələr arasında qardaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu sübut edir. Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra bölgədə yaranmış yeni reallıqlar türk dövlətləri ilə əməkdaşlığı daha da intensivləşdirib.
Bu yaxınlarda Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri, tərəflər arasında aparılan danışıqlar və verilən mesajlar qarşılıqlı münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu göstərdi. Qurbanqulu Məlikquliyeviçin dəvət əsasında Azərbaycana səfəri və Qarabağda birgə iştirakları əlaqələrin yaxınlığının bariz göstəricisidir. Türkmənistanın Füzulidə məscid inşası ilə bağlı təşəbbüsü isə bu qardaşlığın simvolu kimi qəbul edilir.
Özbəkistanın Azərbaycana göstərdiyi dəstək də xüsusi qeyd olunmalıdır. Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə inşa edilən Mirzə Uluqbəy adına məktəb yalnız təhsil müəssisəsi deyil, həm də dostluğun möhkəmliyini ifadə edən layihədir. Mirziyoyevin çıxışlarında Azərbaycanla münasibətlərin yeni mərhələyə yüksəldiyini bildirməsi də bu reallığı təsdiqləyir.
2024-cü ildə Qazaxıstanın Füzulidə uşaq yaradıcılıq mərkəzini inşa etməsi isə əlaqələrin davamlılığının göstəricisidir. Prezident Kasım-Jomart Tokayev açılışda etdiyi çıxışda bu əməkdaşlığın yalnız mədəniyyət və təhsillə məhdudlaşmadığını, həm də iqtisadi əlaqələrə böyük təkan verəcəyini vurğuladı. Bu, dövlətlərimizin strateji tərəfdaşlıq ruhunun canlı təzahürüdür.
Qırğızıstanın Ağdamın Xıdırlı kəndində məktəb tikintisi təşəbbüsü də türk dünyasının Azərbaycanın bərpa prosesində iştirakının mühüm nümunəsidir. Bütün bu layihələr Prezident İlham Əliyevin nüfuzunun, uzaqgörən siyasətinin və regionda formalaşan yeni əməkdaşlıq formatının uğurla həyata keçirildiyini bir daha göstərir.
Kamalə Səfərova
YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın