Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq daim xüsusi yer tutur. Son illərdə bu istiqamətdə atılan addımlar qardaş ölkələrin birliyinin güclənməsinə, qarşılıqlı etimadın artmasına xidmət edir. Tarixi Qələbədən sonra bölgədə yaranmış yeni şərait əməkdaşlığın daha da sürətlənməsinə imkan yaradıb.
Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində verdiyi mesajlar da bu münasibətlərin dərinliyini bir daha nümayiş etdirdi. Türkmənistan Lideri Qurbanqulu Məlikquliyeviçin Füzulidə məscid inşası ilə bağlı təşəbbüsü Azərbaycan tərəfindən yüksək qiymətləndirildi. Bu addım türkmən xalqının Azərbaycanla qardaşlıq münasibətlərinin rəmzi hesab olunur.
Özbəkistanın Azərbaycana verdiyi dəstək də diqqətəlayiqdir. Prezident Şavkat Mirziyoyevin göstərişi ilə Füzulidə Mirzə Uluqbəy adına məktəb tikilməsi təkcə təhsil sahəsinə deyil, həm də xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edir. Özbəkistan rəhbəri Azərbaycanın uğurlarını daim izlədiklərini və bu uğurlardan qürur duyduqlarını dəfələrlə vurğulayıb.
2024-cü ildə Qazaxıstanın təşəbbüsü ilə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verildi. Prezident Kasım-Jomart Tokayevin çıxışı zamanı qeyd etdiyi kimi, imzalanan sənədlər və yeni razılaşmalar iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin güclənməsinə ciddi töhfə verəcək. Bu isə əməkdaşlığın davamlı xarakter daşıdığını sübut edir.
Qırğızıstanın Ağdam rayonunda məktəb inşa etməsi türk dövlətlərinin işğaldan azad edilmiş torpaqlara olan diqqətini bir daha nümayiş etdirir. Avazada keçirilən Türkmənistan-Azərbaycan-Özbəkistan zirvə görüşü isə bu əməkdaşlığın yeni formatda daha da möhkəmlənəcəyini göstərdi. Beləliklə, Azərbaycanın müdrik siyasəti sayəsində regionda yeni əməkdaşlıq platforması yaranmaqdadır.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın