Ötən həftə Azərbaycan, Cənubi Qafqaz, Mərkəzi Asiya və elə həm də dünya önəmli bir prosesə şahidlik etdi. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi, Türkmənistan və Özbəkistan liderlərinin də qatıldığı mühüm bir səfər, görüş, imzalanma mərasimi baş tutdu.
Türkmənistanın Avaza şəhərində baş tutan bu görüş və İlham Əliyevin orada iştirakı, səsləndirdiyi bəyanatlar diqqətlə təhlil olunmaqdadır. Azərbaycan lideri ikinci dəfədir ki, bu şəhərə səfər edir. Bu faktın özü də Azərbaycanın Türkmənistana, qardaşlıq və müttəfiqlik münasibətlərinə verdiyi önəmi göstərir.
Mərkəzi Asiyada və Türk Dünyasında öz yeri və xüsusi mövqeyi ilə seçilən Türkmənistanla münasibətlər Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasındakı əməkdaşlıqlar müxtəlif qurumlar və şəxslər arasındakı münasibətlərlə yanaşı Füzuli və Arxadağ kimi şəhərlərinin qardaşlaşması fonunda daha da möhkəmlənir.
Azərbaycanın Türkmənistanla əlaqələri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Dövlətlərimiz arasında Xəzər dənizi üzərindən həyata keçirilən nəqliyyat və enerji layihələri regional əməkdaşlığın əsas sütunlarından birinə çevrilib. “Dostluq” yatağının birgə işlənməsi, həmçinin Transxəzər nəqliyyat marşrutunun inkişafı Azərbaycanın Türkmənistanla münasibətlərində yeni mərhələ açmışdır. Bu əməkdaşlıq yalnız enerji resurslarının dünya bazarına çıxarılmasını təmin etmir, həm də regionun nəqliyyat-logistika potensialını artıraraq Avrasiya məkanında mühüm bir tranzit körpü yaradır.
Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, Türkmənistanın inkişafı və müasir dövrdə əldə etdiyi nailiyyətlər ölkənin etibarlı əllərdə olduğunun sübutudur. Dövlət başçımız bildirdi ki, Avaza şəhərində və bütövlükdə Türkmənistanda müşahidə olunan sürətli inkişaf Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi nəticəsində mümkün olub.
Azərbaycan, Cənubi Qafqaz, Mərkəzi Asiya və dünya üç liderin tarixi görüşünə, sammitinə şahidlik etdi. Türk Birliyinə gedən yolu daha da sürətli şəkildə keçmək üçün bu formatda – ikili, üçlü çalışmalara çox ciddi ehtiyac var. Bu cür çalışmalar Türk Dövlətləri Təşkilatını daha da gücləndirən amildir. Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin liderlik və birləşdiricilik qabiliyyəti Türk Dünyasını daha da gücləndirir.
Həqiqətən Prezident İlham Əliyevin Türkmənistan səfəri tarixi bir gün oldu. Bu bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatını yaratdı.
Azərbaycan və Türkmənistan arasında strateji yaxınlıq həm siyasi, həm də iqtisadi müstəvidə özünü aydın göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Qurbanqulu Məlikquliyeviçin Azərbaycana son səfəri zamanı Qarabağ bölgəsinə birgə səfərlər həyata keçirilib və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlətlərimizin mövqelərinin üst-üstə düşməsi, gələcək əməkdaşlıq perspektivlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatlarının güclənəcəyini göstərir.
Türkmənistanın Füzuli şəhərində məscid inşa edəcəyi barədə qərarı Azərbaycan–Türkmənistan qardaşlığının bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, bu təşəbbüs qardaş türkmən xalqının Azərbaycan xalqına mənəvi dəstəyini, həm də işğaldan azad edilmiş torpaqlarda birgə mədəni-mənəvi irsin dirçəlişinə xidmət etdiyini sübut edir. Artıq məscidin memarlıq layihəsi hazırlanıb və yaxın gələcəkdə onun təməlinin qoyulması planlaşdırılır.
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri:
Hidayət Səmədov


Bir şərh yazın